AYİB, AİB və Qara Dəniz Ticarət və İnkişaf Bankı “LUKoyl” şirkətinə 560 mln. ABŞ dolları həcmində kredit verəcək.
“LUKOYL Oversiz Şahdəniz Ltd.” (“LUKOYL” ASC-nin 100% törəmə şirkəti) Azərbaycanda “Şah Dəniz” layihəsi üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin (HPBS) 2-ci Mərhələsinin həyata keçirilməsi çərçivəsində Bakıda bir neçə bankdan ibarət konsorsiumla 12 il müddətinə 1 mlrd. ABŞ dolları məbləğində kreditin əldə edilməsinə dair saziş imzalayıb.
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB), Asiya İnkişaf Bankı (AİB), Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) 12 il müddətinə 560 mln. dollar məbləğində kredit təqdim edəcəklər. ING Bank N.V., Bank of China, UniCredit AG və Societe Generale banklarından ibarət kommersiya bankları sindikatı isə AYİB və AİB-ın B-loan proqramı vasitəsilə 440 mln. dollar məbləğində krediti 10 il müddətinə verəcək.
“LUKoyl” İSC Layihə və struktur Maliyyələşdirmə departamentinin müdiri Oqtay Mövsümov sazişin imzalanmasını “Şahdəniz” layihəsi və “Lukoyl” şirkəti üçün böyük hadisə adlandırıb: “Biz bu gün dünyanın aparıcı bankları Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı və Qara dəniz Ticarət və İnkişaf Bankı ilə bir milyard dollar həcmində kredit müqaviləsi imzaladıq. Bu təkcə bankların “Lukoyl”u deyil, “Şahdəniz” layihəsini dəstəklədiyindən xəbər verir. Biz 12 illik kredit imzaladıq. Bu kredit çox yaxşı şərtlərlə “Lukoyl” şirkətinə və “Şahdəniz” layihəsi üçün təklif olunub. Bu banklardan başqa Hollandiyanın ING, Çinin “Bank of China”, İtaliyanın “Unicredit”, Fransanın “Societe Generale” kommersiya bankları da müqavilədə iştirak edir. Biz layihənin hazırlanmasında bizimlə çalışan “SOCAR” şirkətinə təşəkkür edir, həmçinin BP şirkətinə də köməkliyinə görə minnətdarlığımızı bildiririk”.
Xatırladaq ki, “Şah Dəniz” layihəsi üzrə HPBS-in ikinci mərhələsinin yerinə yetirilməsi üzrə işlər 2013-cü ilin dekabr ayında başlayıb. İxrac boru kəmərlərinin tikintisi xərcləri istisna olmaqla, əməliyyat konsorsiumu (VR – 28.83%, TPAO – 19%, Petronas –15.5%, SOCAR – 10%, LUKOYL – 10%, NICO – 10%, SGC – 6.67%) tərəfindən qoyulacaq investisiyaların ümumi məbləği təqribən 28 mlrd. dollar təşkil edəcək. Layihənin birinci və ikinci mərhələlərində istehsal olunan qazın ümumi həcmi pik səviyyəsində ildə 25 mlrd. kubmetrə çatacaq.
APA