Rusiya Hərbi Dəniz Qüvvələrinin Qara dəniz donanmasına yeni komandan təyin edilib.
Bu barədə Rusiyanın “RİA Novosti” xəbər agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, Rusiya tərəfindən ilhaq edilmiş Krımda yerləşən Qara dəniz donanmasına Viktor Sokolov rəhbərlik edəcək. Bildirilir ki, Sokolov artıq Sevastopol limanında donanmanın hərbi şurasının üzvlərinə təqdim olunub.
Yeni komandan Krım yarımadasında Rusiyaya məxsus hərbi bazalara ard-arda endirilən zərbələrdən sonra təyin olunub. Rusiyaya məxsus xəbər agentliklərindən biri mənbələrə istinadən yazıb ki, Rusiyanın Ukraynada “xüsusi hərbi əməliyyat” apardığı bir vaxtda təyinatın ictimaiyyətə açıqlanmaması “normal” hesab olunur.
Rusiyada mötəbər tarixə malik Qara Dəniz Donanması müharibə zamanı bir neçə dəfə ağır itkilərə məruz qalıb. Aprel ayında donanmanın flaqman gəmisi hesab edilən “Neptun” raket kreyseri məhv edilib. Donanmanın Krımda yerləşən Saki aviabazası ötən həftə ağır hücuma məruz qalıb. Bazada olan 10-a yaxın təyyarə məhv edilib.
Qara dəniz donanması Ukraynanın donanmasından qat-qat böyükdür. 1783-cü ildə Böyük İmperator Yekaterinanın dövründə yaranan donanma Rusiyada “milli qürur mənbəyi” hesab edilir.