Hələ may ayında bu yayın siyasət və iqtisadiyyat səhnələrində çox isti keçəcəyi fikrini yazsam da bu qədər isti keçəcəyi gözlənilmirdi. Digər tərəfdən isə hadisələr həm də sürətlə cərəyan edir və edəcək.
- Deməli, Trump seçkiqabağı vədlərindən əsas birini yerinə yetirə bilmir. Digər tərəfdən isə Rusiya Prezidentinə birbaşa danışıqlarda çox təzyiq göstərə bilmir. Putinlə danışıqlar təzyiqdən daha çox məsləhət-məşvərət konteksində aparılır;
- Zelenski 4 iyulda Trumpla keçirdiyi telefon danışığını indiyədək olan ən yaxşı telefon danışığı adlandırıb. Bir çox məsələlərdə razılıq və yaxınlaşmaların olduğu hiss olunur;
- Avropa İttifaqı Rusiyaya qarşı növbəti sanksiyalar paketini hazırlayır. Bu paketdə diqqət çəkən bir çox məqamlar var. Əsas iki məqam isə Rusiyanı daha çox narahat edir. Neftin satışı üçün maksimum tavan həddinin 60 dollardan 45 dollara düşürülməsi və Rusiyanın kölgə donanmasına (müxtəlif bayraqlar altında neft daşıyan tankerləri) qarşı sanksiyalar. Bu tədbirlər xüsusilə Nabiullinanın iqtisadiyyatın çökməməsi üçün görülən tədbirlərin tükəndiyini qeyd etməsi və hazırda Rusiyanın müharibə üçün qəpik-quruşa belə ehtiyacı olduğu bir vaxtda daha ciddi nəticələr doğuracağı ehtimallarını artırır;
- Belə bir vaxtda Rusiya çox tələsir. Danışıqlar zamanı bazarlıq imkanlarını artırmaq üçün psixoloji üstünlüyə malik olmaq məqsədilə iyul-avqust aylarında ciddi hücumlar həyata keçirməsi ehtimalları və ritorikasını artırmaqdadır. Rusiya sanksiyaların tətbiqinə və təsirlərinə məruz qalmazdan öncə həlledici və riskli addımlar atmağa tələsir, həm də tərəddüd edir. Çünki, hücumlar uğursuzluğa düçar olarsa, bu Rusiya üçün mənfi mənada həlledici ola bilər;
- Ukrayna cəbhəsində ciddi bir bataqlığa düşdüyünü anlayan Rusiya özünün minimuma enmiş reytinqini yüksəltmək üçün əlavə cəbhələr açmaq, güzəştlər qopartmaq istəyir. SSRİ də 1980-ci illərin sonlarında Əfqanıstanda uğursuzluğunu dərk etdikdən sonra sanksiyalar altında dağılan iqtisadiyyatını xilas etmək məqsədilə son cəhdlərini edirdi. Pribaltikaya hücum etmək istədi, 3 Pribaltika dövlətinin vətəndaşlarından ibarət 2 milyon nəfər 23 avqust 1989-cu ildə 690 kilometr məsafəni 3 Pribaltika dövlətindən keçərək Molotov-Ribbentrop Paktını qeyd etməklə dinc yürüş etdilər. Biz 3 dövlət birlikdəyik, bizi kimsə ayıra bilməz mesajı verdilər. Bundan sonra Pribaltikanın SSRİ-dən ayrılması və SSRİ-nin dağılması prosesi sürətləndi. Bunu görən SSRİ müstəqillik istəyən respublikaların paytaxtlarına qoşun yeritməyə başladı. Nəticə: Sosialist quruluşlu müttəfiq dövlətlərini itirməklə razılaşmayan SSRİ öz müstəmləkəsi altında saxladığı respublikalarını da itirməyə başladı. Tarixdən dərs çıxartsaq, bu gün MDB dövlətlərinin müstəqil siyasətləri ilə razılaşmayan Rusiyanın öz daxilində daha ciddi problemlərlə üzləşmə ehtimalı yüksəkdir;
- Rusiya tarixdən dərs çıxartmaq əvəzinə həmin tarixi təkrarlamağa doğru gedir. Və yaxud, tarixi təkrarlayanların dəyirmanına öz hərəkətləri ilə su tökür. Əslində Rusiyanı parçalamağa imkan verməzlər. Çin amili var. Bu səbəbdən (parçalanmayacağını bilən) Çin Rusiyanın məğlub olmasını istəmir. Çünki, bundan sonra fokus Çinə doğru çevriləcək. Rusiya bu amillərdən istifadə edərək bir sıra manevrlər edə bilir;
- Öncəki yazılarımda qeyd etdiyim kimi. Rusiya müharibənin ağırlığı altında aqressivləşdikcə daha ciddi səhvlərə yol verəcək. Bu səhvləri də etməsi üçün Rusiyanın önü açılacaq. Çünki, daha sürətli çöküş üçün ya bataqlığın daha dərin olması, ya da bataqlığın sayının artması vacibdir;
- SSRİ-nin Pribaltikada parçala hökm sür siyasəti iflasa uğrasa da, Cənubi Qafqazda ermənilərin əli ilə müvəffəqiyyət qazandı. Bundan ən çox zərər görən də ermənilərin özləri oldu. Görünən odur ki, indi Ermənistan rəhbərliyi də həmin tarixdən dərs çıxarmağı bacarıb. Cənubi Qafqazın 3 dövlətinin bir-biri ilə dil tapması və güclü dövlətlərin də bu birliyi dəstəkləmələri tamamilə fərqli bir geosiyasi vəziyyət formalaşdırır;
- Nəticə isə budur ki, hadisələr çox sürətlə cərəyan edir. Resurslar tükəndikcə Rusiya tələsir. Deməli, hər bir dövlət sürətli və səmərəli bir şəkildə addımlar atmaq və məsələləri həll etməklə mümkün riskləri minimuma endirməyi özünün ən vacib strateji hədəfi kimi görəcək!
Yekun nəticə isə budur ki, dünyanın güclü iqtisadiyyatına malik olmuş hər bir dövləti iqtisadiyyatının dağılması nəticəsində süqut etmişdir! Başqa sözlə, iqtisadiyyatını siyasi ambisiyalarına qurban verən bütün dövlətlərin sonu süqut olmuşdur! ABŞ, Yaponiya, Almaniya, İtaliya, körfəz dövlətləri, Skandinaviya ölkələri daxil dünyanın inkişaf etmiş dövlətləri bu amildən dərs çıxartdıqları və siyasətləri iqtisadiyyatlarına xidmət etdiyi üçün bu gün güclü, sözləri eşidilən və rifah içində yaşayan dövlətlər kimi varlılqlarını davam etdirirlər! Çin də öz siyasətini məhz bu istiqamətdə qurmaqdadır! Rusiya isə hələ də iqtisadiyyatını siyasi və hərbi ambisiyalarına qurban verməkdədir!
Müəllif:
Elman Sadıqov,
iqtisadçı-ekspert