15 C
Baku
Saturday, April 20, 2024

Rusiyanın taxıl sazişindən çıxması qiymətləri bahalaşdıracaq

Ötən gün Rusiya Qara dəniz vasitəsilə Ukraynadan taxıl ixrac etməyə imkan verən sazişdə iştirakını dayandırıb. Kreml sazişin Rusiya ilə bağlı hissəsinin yerinə yetirilmədiyini iddia edib və bu səbəbdən sazişdən çıxdığını açıqlayıb. Bununla belə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Moskvanın sazişə qayıtması şərtini açıqlayıb. Ötən gün mətbuata açıqlama verən Putinin sözçüsü deyib ki, sazişin Rusiya ilə bağlı hissəsi həyata keçirilən zaman Moskva dərhal taxıl sazişinə qayıdacaq.

BMT-nin rəsmi statistikasına əsasən, taxıl sazişi çərçivəsində bu vaxtadək Ukraynadan 32,9 milyon ton taxıl və digər məhsullar ixrac edilib. İxrac edilən məhsulun 51%-ni qarğıdalı, 27%-ni taxıl, 6%-ni günəbaxan yemi, 5%-ni günəbaxan yağı, 11%-ni isə digər məhsullar təşkil edib.

Saziş çərçivəsində Ukraynadan ən çox məhsul idxal edən ölkələr aşağıdakılardır:

1. Çin – 8 milyon ton;
2. İspaniya – 6 milyon ton;
3. Türkiyə – 3,2 milyon ton;
4. İtaliya – 2,1 milyon ton;
5. Niderland – 2 milyon ton;
6. Misir – 1.6 milyon ton;
7. Banqladeş – 1.1 milyon ton.

Rusiyanın taxıl sazişindən çıxmasından sonra buğdanın qiymətinin artacağı proqnozlaşdırılır.

Mövzu ilə bağlı açıqlama verən iqtisadçı ekspert Eldəniz Əmirovun fikrincə, taxıl sazişini dayandırması Rusiyanın növbəti səhvidir:

“Onsuz da Rusiya bununla ciddi heç nəyə nail ola bilməyəcək. Əksinə özünə qarşı çıxmayan tək-tük tərəf var ki, onları da Rusiyadan döndərəcək”.

Ekspert vurğulayıb ki, taxılın qiymətinə gəldikdə isə Rusiyanın bu addımı qısamüddətli dövr üçün öz təsirini göstərəcək. Amma buğda qiymətlərinin yenidən 2022-ci ilin aprel-may qiymətlərinə çatacağı inandırıcı deyil.

“Rusiyanın son təsir aləti də onu bataqlıqdan xilas edə bilməyəcək. Artıq bu dəfə nə Hindistan, nə də başqa iri ixracatçılara məhdudiyyət qoyulması gözlənilir. Bu isə ötən ilin aprel təlatümünün yaranmasına imkan verməyəcək.

Necə deyərlər, yetim onsuz da böyüyəcək, pislik əzrayılın özünə qalacaq”, – Eldəniz Əmirov vurğulayıb.

Xatırladaq ki, 22 iyul 2022-ci ildə Rusiya və Ukrayna BMT və Türkiyənin vasitəçiliyi ilə Qara Dəniz Taxıl Təşəbbüsü barədə razılıq əldə edib. Taxıl sazişi yük gəmilərinin Qara dənizdən 310 dəniz mili uzunluğunda və üç dəniz mili enində dəhliz boyunca Odessa, Çornomorsk və Pivdennyi limanlarına təhlükəsiz keçməsinə imkan verir. Razılığa əsasən, 2022-ci ilin avqust ayının əvvəlindən taxılın daşınmasına başlanılıb.

Son xəbərlər
Digər xəbərlər