9 C
Baku
Thursday, December 12, 2024

Rusiyanın ultimatumundan sonra Qərbin cavabı nə olacaq?

SOVET SOSİALİST RESPUBLİKALARI İTTİFAQI DAĞILANDAN sonra ABŞ-da və Qərbdə belə bir təsəvvür yarandı ki, tarixi missiya yerinə yetirildi, məsələ həll olundu, artıq təkqütblü Dünya bərqərar oldu, Rusiyanın dağılması isə an məsələsidir, Çin isə heç vaxt ciddi rəqib ola bilməyəcək.

Boris Yelsinin dövrü Rusiya ilə Qərb arasında ən yaxşı dövr idi, Rusiya Qərbə inteqrasiya yolu tutmuşdu, zəif idi, qərbə iqtisadi inteqrasiya başlamışdı – bu Qərbi çox arxayınlaşdırdı, öz dar hədəflərinə çatdırmağa kömək oldu, amma, məncə, qlobal yanaşma qurban verildi.

SSRİ dağılandan sonra Qərbin əsas hədəfləri nə idi:

1) Post-sovet ölkələrini inteqrasiya etmək,
2) Belarus və Ukraynanı ilk növbədə öz orbitinə çəkmək, “pan-slavyan” birliyinə imkan verməmək,
3) Rusiya ilə Çinin yaxınlaşmasına imkan verməmək.

2007-ci il Münxen Təhlükəsizlik Konfransına qədər Qərb bu məqsədlərin bəzilərinə çatdı:
1) Balkanlar məsələsini həll etdi,
2) Pribaltikanı AB-yə və NATO-ya qəbul etdi,
3) Post-sovet ölkələri ilə münasibətləri daha üst səviyyəyə çatdıra bildi.

Amma, Qərb elə bildi ki, artıq hər şey bitdi, Rusiya daha heç vaxt dirçələ bilməyəcək, Çin isə həmişəlik Qərbin, o cümlədən ABŞ-in istehsal fabriki kimi qalacaq – ən böyük səhvlər də bundan sonra başladı.

PUTİNİN MÜNHEN ÇIXIŞI…

Vladimir Putinin Münhen çıxışı xəbərdarlıq idi, ciddiyə almadılar, bundan sonra Qərb siyasətçilərinin səhvlər zinciri başladı, liderlik problemi yaşanmağa başladı, nəticədə Rusiya itirdiyi mövqeləri yavaş-yavaş geri qaytarmağa başladı. 2008-ci il Gürcüstan hadisələri başlanğıc oldu – Kreml faktiki olaraq rəsmən Gürcüstanın 20% torpağını işğal etdi, bunu rəsmiləşdirdi. Qərb 2009-da ilk dəfə sanksiyalar rejiminə strat verdi, amma dişsiz, mənasız sanksiyalar Kremlə ciddi təsir etmədi. Nəticədə Ukrayna böhranı başları, Kreml 2014-də Krımı, Donbası işğal etdi, 2-ci dünya müharibəsindən sonra ilk dəfə hərbi yolla Avropada sərhədləri dəyişdirdi, Krımı ilhaq etdi. Donbasda 2 qondarma “respublika” elan etdi, orada yaşayanlara vətəndaşlıq payladı, hətta Putinin rəsmi sərəncamı ilə Donbasın Rusiyaya iqtisadi inteqrasiyası başlandı. Qərb nə etdi? Yenə dişsiz, mənasız sanksiyalar – vəssalam.

Sonra Qərbin tutarsız siyasəti nəticəsində Rusiya Belarusu tam içinə aldı, tam nəzarətə götürdü – halbuki, cəmi 2 il əvvəl Lukaşenko Qərblə danışıqlara, yeni inteqrasiya prosesinə hazır idi, “çoxvektorlu” siyasət elan etmişdi. Kreml seçkilərdə Lukaşenkonu pis vurdu, Kremlin texnoloqları Lukaşenkonu zəiflətdi, Kremldən tam asılı vəziyyətə saldı – Qərb bu oyunu da uduzdu.

Qərbin səhv siyasəti Rusiya ilə Çini yaxınlaşdırdı, hətta strateji dostluq səviyyəsinə itələdi – nəticədə 2000-ci illərdin ağıllı Qərb strateqlərinin qorxulu röyası gerçəkləşdi, Rusiya-Çin ittifaqı yaranır-yaranacaq.

Yəni, SSRİ dağılandan sonra Qərb qarşısına qoyduğu məqsədlərin hər birində uduzmağa doğru gedir. İndi də Rusiya Qərbə, faktiki ultimatum təqdim edib: 1) Post-sovet ölkələrini Qərb Rusiyanın arxa baxçası olduğunu qəbul edir, 2) Ukrayna və Gürcüstanın 2008-də NATO-ya üzvlüklə bağlı qərarı ləğv edilir, 3) Şərqi Avropa ölkələrindən NATO-nun hücum infrastrukturu yığışdırılır.

SWIFT SANKSİYASI NƏ QƏDƏR REALDIR?

Çox ağır, çətin dövrdə yaşayırıq, Qərb bu ultimatumu qəbul etsə tam uduzur, Rusiya daha da güclənir, qəbul etməsə də yenə uduzur, Rusiya Ukraynanın yarısını işğal edəcək, Qərb isə ancaq yeni sanksiyalar qoymaqla hədələyir – bu sanksiyalar da mənasızdır. Məsələn, deyirlər ki, Rusiyanı banklararası köçürmə sistemi olan SWIFT-dən ayıracaqlar, yaxşı, bəs Qərb Rusiyadan aldığı ilə 170 mlrd. metr-kub təbii qazın, gündə 5.5 mln. barel aldığı neftin pulunu necə verəcək?! Təyyarələrlə nağd pul göndərəcək Moskvaya?! Deyə bilərsiniz ki, almayacaq neft-qazı, bu mümkün deyil axı – AB-nin illik qaz tələbatı 510 mlrd. m3-dir, bunun 35%-ni Rusiya verir, qış da qapıda, Rusiya qaz verməsə Avropa donacaq axı – zatən indi böhran yaşanır. Təbii qazın qiyməti hər 1000 kub-metr üçün 2 000 dollara yaxınlaşır, bu da AB-də elektrik enerjisinin və təbii qazın qiymətini xeyli artırıb, inflyasiyanı sürətləndirib. Hə, Qərb 5-6 ilə yeni infrastruktur və mənbəələr hesabına Rusiya qazından imtina edə bilər, amma bu 5-6 ildə də qızınmaq, yaşanaq lazımdır axı! Rusiyanın həm də alternativ bazarı var – Çin deyir ki, nə qədər istəyirsən neft-qaz ver, hamısını alırıq, Çin sanksiyalara qoşulmayacaq, iki ölkə arasında pul köçürmələr isə artıq SWIFT-lə deyil də, daxili pulköçürmə sistemləri ilə aparılmağa başlanıb.

Yəni, sabah Rusiya Ukrayna və bəzi post-sovet ölkələrini, Çin isə Tayvanı eyni zamanlı əməliyyatla işğal etsə, Qərb nə edəcək?! Yenə mənasız, dişsiz sanksiyalar qoyacaq?! Çox təhlükəli məqamdır.

Təəssüf ki, bu gün Rusiyanın ultimatumu hər variantda uduşlu görünür, post-sovet ölkələri üçün təhlükələrlə doludur. SSRİ yenidən ortaya çıxa, müstəqilliyimizə və suverenliyimizə yenidən təhlükə yarana bilər, Rusiya “sülhməramlılarının” torpaqlarımızda olması bu təhlükəni daha da artırır, doğrudur, Azərbaycan 2020-ci ildə doğru zamanda, doğru üsullarla, yaratdığı de-facto və de-jure ittifaqlarla torpaqlarımızın böyük bir hissəsini Əsgərmizin qəhramanlığı ilə azad etməsi bizə üstünlüklər də verir – bu mənada bu gün biz Ukraynadan, Gürcüstandan, Moldovadan daha yaxşı durumdayıq, amma bu təhlükələrin olmadığı anlamına gəlmir.

Qərb yeni bir strategiya hazırlamalıdır, Rusiyanı konfrantasiya yolu yolu ilə deyil də, tam tərsinə, yaxınlaşma, orbitdə saxlama, qucaqlayaraq “boğma” yolunu tutmalıdır. Uzaq hədəflərdə Qərbin indiki strategiyası uğurlu ola bilər – Rusiyanı xərclər və problemlərlə yükləyirlər ki, beli əyilsin, amma yaxın vadədə olan bizə, Rusiyanın bəxtsiz qonşularına olacaq.

Müəllif
Natiq Cəfərli
İqtisadçı-ekspert

QEYD: Məqalədə yazılanlar ekspertin müstəqil fikridir. Yazıdakı fikirlər saytın mövqeyi ilə üst-üstə düşməyə bilər.

Son xəbərlər
Digər xəbərlər