Rusiya Federasiyasına ixrac olunan pomidor və alma məhsullarına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən zəruri tədbirlər davam etdirilir.
Banker.az bu barədə AQTA-ya istinadən xəbər verir.
AQTA-nın əməkdaşları tərəfindən pomidor və alma yetişdirən müəssisələrdə aparılan fitosanitar monitorinqlərin nəticələri, məhsullardan götürülmüş nümunələrin laboratoriya sınaq protokolları və monitorinq aktlarının təhlili və AQTA-nın zəmanəti əsasında Rusiya Federasiyası Dövlət Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) tərəfindən 2021-ci il 6 dekabr tarixindən etibarən daha 7 müəssisədən pomidor, 5 müəssisədən isə alma ixracına icazə verilib. Beləliklə, bu günə qədər ümumilikdə Rusiya Federasiyasının müvafiq qurumu tərəfindən 212 pomidor, 76 alma istehsalı müəssisəsindən məhsul ixracına icazə verilib. Hazırda Rusiyaya pomidor ixracına icazə verilmiş müəssisələrin ixrac potensialı 364,373 ton təşkil edir ki, bu da 2020-ci il ərzində Rusiyaya ixrac olunan pomidor məhsulunun 202.4%-ni təşkil edir. Həmçinin Rusiya Federasiyasına alma ixracına icazə verilmiş 76 müəssisənin ixrac potensialı 161,787 ton təşkil edir ki, bu da 2020-ci il ərzində Rusiyaya ixrac olunan 66924 ton alma məhsulunun 241.7 %-i həcmindədir.