“Assist Finance İnvestisiya Şirkəti” ASC-nin (əvvəlki “BTB Kapital İnvestisiya Şirkəti”) səhmdar dəyişdirməsi, direktor dəyişikliyi ardından Müşahidə Şurası da dəyişdirilib.
Banker.az-ın əldə etdiyi məlumata görə, Şirkətin sabiq direktoru və hazırda onu “Bank BTB” ASC-dən satın alan Ruslan Cəfərov Müşahidə Şurasına sədrlik edəcək.
O, bu vəzifədə Rza İsmayıl oğlu Sadiqi əvəz edib. Rza sadiqlə paralel Emil Sabir oğlu Rzayev Müşahidə Şurasının üzvlüyündən çıxarılıblar.
Hazırda əvvəlki komandadan Müşahidə Şurasında yalnız Xəlilov Nicat Nizami oğlu üzv kimi qalmaqdadır.
Azərbaycanda “İnvestisiya Fondları” haqqında qanuna görə, səhmdar investisiya fondunda tərkibi tək sayda, azı üç fiziki şəxsdən ibarət olmaqla müşahidə şurası yaradılmalıdır. Müşahidə şurasının üzvlərindən azı biri səhmdar investisiya fonduna aidiyyəti şəxs olmayan müstəqil şəxs olmalıdır.
Şirkətin direktoru Cəfər İbrahimov Qəməddin oğludur.
Xatırladaq ki, “Assist Finance İnvestisiya Şirkəti” ASC 350 min manat nizamnamə kapitalı var. Kapitalın 100%-i Ruslan Cəfərova məxsusdur.
Müşahidə Şurası nədir?
Müşahidə Şurası şirkəti idarə etmir, yönləndirir. İdarə edən qurum İdarə Heyətidir. İdarə Heyəti icra edici qurumdur. Müşahidə Şurası isə İdarə Heyətini formalaşdırır. İdarə Heyəti ilə Müşahidə Şurasının funksiyaları fərqlidir. Məsələn, M.Ş. uyğun hesab etmədiyi qərarlara veto qoya bilər və ya ehtiyac olarsa, idarə heyəti tərkibində dəyişiklik edər. M.Ş.-də strateji seçimlər edə bilmək çox önəmlidir. Nəyisə seçmək nəyinsə seçimindən imtina etmək deməkdir. Seçim gələcəyə yönəlikdir, gələcək isə qeyri-müəyyəndir. Məhz belə şəraitdə qərar vermək həm məsuliyyət tələb edir, həm risk almaq, həm də üzvlərdən geniş vizyon tələb edir.