“Bakı Fond Birjası” QSC (BFB) hazırda yeni elektron ticarət sisteminin işə salınması üzərində çalışır.
Bu barədə BFB-nin İdarə Heyətinin sədri Ruslan Xəlilov deyib.
Onun szölərinə görə, ticarət sisteminə Azərbaycanda fəaliyyət göstərən bankların mobil əlavələri üzərindən də çıxışının təmin olunması planlaşdırılır:
“Birjanın 12 üzvü var ki, bunlar da Azərbaycan Mərkəzi Bankının (AMB) müvafiq lisenziyası ilə fəaliyyət göstərən investisiya–broker şirkətləridir. Həmin şirkətlərin BFB-nin ticarət sisteminə birbaşa çıxışları var və öz müştərilərinin adından birjanın listinqində olan şirkətlərin səhm və istiqrazları ilə alqı-satqı əməliyyatlarını həyata keçirə bilirlər. Rəqəmsallaşmanın bir sonrakı mərhələsi həmin investisiya şirkətlərinin öz elektron ticarət sistemlərinin birjanın ticarət sisteminə qoşulması və müştərilərinə öz sistemləri üzərindən BFB-nin ticarət sistemində istədikləri qiymətli kağızları alıb-satma rahatlığını təmin etməkdir”
R. Xəlilov bildirib ki, bütün bu proseslərin həyata keçirilməsi tək BFB-dan yox, həm də mobil əlavəsi qoşulması planlaşdırılan bankın və ya investisiya şirkətinin bu cür ticarət sisteminə qoşulma hazırlığından asılıdır.
“Digər bir tərəfdən BFB istiqraz və ya səhm emissiya edən müəssisələrin öz ticarət sistemində listinqə alınmasından və həmin şirkətlər barədə tam və şəffaf məlumatların təmin olunmasından məsuldur. Bu cür məlumatlara korporativ idarəçilik, maliyyə hesabatları, inkişaf strategiyası və digər bu kimi investor üçün əhəmiyyət kəsb edən məlumatlar daxildir. Bu tipli məlumatların vaxtlı-vaxtında Birjanın qaydalarına müvafiq şəkildə açıqlanması mütləqdir. İnvestorların yatırım edəcəkləri müəssisələr, emitentlər barədə tam şəffaf və ətraflı məlumata çıxışı olmalıdır. Bu yönümdən BFB-nin daxili qaydaları investor maraqlarının qorunmasına və məlumat şəffaflığının daha da gücləndirilməsinə xidmət etməlidir” – deyə BFB-nin rəhbəri qeyd edib.