Rusiyanın bank sistemindən çıxarılan pulların sürət tempi narahatlıq yaratmağa başlayıb. “Rambler News Service”ə istinadən, əhali təşvişə yaxın hislər keçirir və bunu izah edə bilmirlər, onlar instinktiv olaraq “gəminin batmağa hazırlaşdığını” hiss edirlər.
Rusiya Bankının (Mərkəzi Bank) məlumatına görə, yanvar ayında bank sistemi güclü kapital axını ilə üzləşib. Fiziki şəxslərin hesabından yanvarda 453 mlrd. rubl (8,09 mlrd. dollar) vəsait çıxarılıb. 2017-ci ilin yanvar ayı ilə müqayisədə bu, demək olar ki, 3 dəfə çoxdur. Belə ki, 2017-ci ilin yanvarında fizki şəxslərin hesablarından 155 mlrd. rubl həcmində vəsait axını baş verib.
Analitiklər baş verənləri Rusiya Ali Məhkəməsinin qalmaqallı qərarı ilə izah edirlər. Belə ki, yanvar ayında Ali Məhkəmə maliyyə institutlarına icazə verib ki, onlara daxil olan vəsaitin qanuniliyində şübhə varsa, əmanətçiyə pulu qaytarmaya bilər. Şübhələrin hansı amillərə əsaslanacağı isə açıqlanmayıb.
“BankoDrom” portalının analitiki Vyaçeslav Putilovskiy bildirib ki, bu qərar banklara sui-istifadə üçün zəmin yarada bilər. Banklar vəsaitlərin “təmiz” olduğunu bilmək istəyirsə, pulu ödəyən zaman deyil, qəbul edən zaman maraqlanmalıdır.
İkinci səbəb isə Əmanətlərin Sığortalanması Fondunun lisenziyası alınmış banklardan son günlər çıxarılan vəsaitlərin geri çağırılması ilə bağlıdır. Fond bu qərarını əmanətçilərin bank menecerləri ilə əlaqəsi ilə izah edir. Əmanətçilər isə öz vəsaitlərini nə zaman istəsələr çıxara biləcəklərini bildirirlər.
Üçüncü səbəb əhalinin real gəlirlərinin azalması fonunda yığımlarını çıxararaq xərcləməsi ilə əlaqələndirilir.
Bundan başqa, banklarda əmanətlər üzrə faizlərin cəlbedici olmaması da prosesə təsir edir. Belə ki, Rusiya Bankı uçot dərəcəsini son 9 iclasdan 7-də azaldıb və 7,5%-ə salıb.
©Report