13 C
Baku
Friday, November 22, 2024

Ruslar “Visa” və “Mastercard” kartlarını haradan alır? – Bank turizmi haqqında

Rusiyada xarici ödəniş sistemlərinin fəaliyyəti dayandırıldıqdan sonra maliyyə xidmətlərinin yeni növləri ortaya çıxmağa başlayıb. Belə ki, bu gün turizm agentlikləri “Visa üçün Özbəkistana”, startaplar isə xarici banklarda virtual kart açmaq kimi turpaketlər təklif edir.

Martın 10-dan etibarən ruslar xaricdə alış-veriş hüququnu itiriblər, çünki “Visa” və “Mastercard” Rusiyada fəaliyyətini dayandırıb.

Rusiya bankları tərəfindən buraxılmış kartlar işləməyə davam etsə də, bu yalnız ölkə daxilində mümkündür. Xaricdə buraxılmış “Visa” və “Mastercard” kartları Rusiyada işləmir – onları nə mağazalarda, nə də bankomatlarda istifadə etmək mümkündür. Bunun yerinə ruslara Rusiyanın “Mir” və Çinin “Union Pay” sistemlərindən istifadə etmək təklif olunur.

“Union Pay”ın rəsmi saytında qeyd olunur ki, bu sistem 171 ölkəni əhatə edir. Buna baxmayaraq, xidmət rusların bütün problemlərini həll etmir: məsələn, “Spotify” və “Netflix” kimi populyar xidmətləri bu kartlarla ödəmək mümkünsüzdür.

Qeyd edək ki, ruslar pul xərcləmək imkanından imtina etmək fikrində deyillər. Onların ödənişləri həyata keçirmək üçün hansı yollara əl atdığına nəzər yetirək.

Bank turizmi

Rusiyada ödəniş sistemlərinin fəaliyyətini dayandırması ilə əlaqədar bəzi turizm operatorları xüsusi turlara start verir, onlar vasitəsilə “Visa” və “Mastercard” kartını açmaq mümkündür. Xüsusilə, 2002-ci ildən beynəlxalq çıxış və giriş turizmi üzrə ixtisaslaşan “Vedi” şirkətinə nəzər salaq.

“Vedi” ruslara iki növ səyahət təklif edir: yeddigünlük Daşkənd – Buxara – Səmərqənd marşrutu və iki gecəlik “Visa üçün Özbəkistana” tur konstruktoru. “Visa üçün Özbəkistana” turunun qiyməti Daşkənddə seçilmiş hoteldən asılı olaraq adambaşına 23 min rubldan başlayır.

Tura həmçinin Özbəkistanda “Vedi”nin tərəfdaş şirkətləri tərəfindən göstərilən əlavə xidmətlər də daxildir: bank sənədlərinin hazırlanması, banka gələrkən müşayiət və kuryer xidməti. Vurğulanır ki, “Mastercard” kartının açılması 250-500 rubl, “Visa”nın açılması isə 800-3000 rubla başa gələcək. Bunun üçün üzərinizdə şəxsiyyət vəsiqəniz və qaldığınız yerdə qeydiyyatınız olmalıdır (hotel tərəfindən verilir).

Hələki “kart turizmi”nin inkişafına yüksək qiymət mane olur. “Vedi”nin məlumatına görə, bu gün Moskva, Yekaterinburq, Ufa, Kazan və Qafqaz Mineral Sularından Daşkəndə birbaşa uçuşlar mövcuddur. Qiymətlər aşağıdakı kimidir: Moskvadan – 21 min rubl, regionlardan – 32 min rubl.

Virtual xaric

Alış-veriş etməyin daha bir yolu – xarici banklarda virtual kart açmaqdır. Bu funksiyanı ruslara “Easypay” xidməti təklif edir. Onun əsas şüarları aşağıdakı kimidir: “Əvvəlki kimi yaşayın”, “Visa və Mastercard ilə azadlıq dünyasına qərq olun”.

“Easypay” ruslara Qazaxıstana uçmaq əvəzinə hər şeyi distant həyata keçirməyi təklif edir. İş sxemi sadədir: xidmətdən istifadə edərək müştəri bir gün ərzində Qazaxıstanın fərdi identifikasiya nömrəsini və sim-kartını alır, bank nümayəndəsi ilə videomüsahibədən keçir və hesab açır. Bütün bu manipulyasiyalardan sonra “Visa” və ya “Mastercard” kartını açmaq mümkün olur – bu, üç gün çəkir. Mənbələrə görə, qeydiyyatın qiyməti 19 990 rubl təşkil edir. Əgər müştərinin plastik karta ehtiyacı varsa, qiymət bir qədər yüksəlir və 24 990 rubla çatır (xidmətin əməkdaşı kartı etibarnamə əsasında götürərək müştəriyə göndərir).

Qeyd edək ki, Qazaxıstanda “Easypay” ilə bir neçə bank işləyir – “Halyk”, “Forte”, “Jusan”, “Altyn” və Rusiyanın “Alfa-bank” bankının yerli törəməsi. Kartın hesabını bank köçürmələri vasitəsilə artırmaq mümkün olsa da, valyuta məhdudiyyətlərinə görə bu məbləğ ayda 5 min dollardan çox olmamalıdır. Komissiya pulu göndərən bankdan asılı olaraq dəyişir – Qazaxıstan bankları daxil olan ödənişlərə görə komissiya tutmur.

Xidmətin həmtəsisçisinin sözlərinə görə, indi “Easypay” gündə 1000-1500 müraciəti emal edir. Şirkət Ermənistanda yerli banklarla işləmək üçün əlavə ofis açmağı planlaşdırır. Vurğulanır ki, artıq “Unibank Armenia” layihəsi hazırlanıb.

Birdəfəlik ödənişlər üçün

Xarici xidmətlərin ödənilməsi üçün başqa bir variant – qısa zamanda virtual kart açmaq imkanı olan vasitəçidən istifadə etməkdir. Uzun illər Avropada yaşayan Rusiya vətəndaşı Marina valyuta məhdudiyyətlərinin tətbiqindən və beynəlxalq ödəniş sistemlərinin fəaliyyətini dayandırmasından sonra qarşılıqlı hesablaşmalar prinsipi əsasında yeni xidmət yaradıb. Bu necə işləyir? Müştərilər Marinanın Rusiya bankındakı rubl hesabına pul köçürür, o isə öz növbəsində ekvivalent məbləği avro ilə lazım olan yerə göndərir. Qeyd edək ki, bu metod Avropadan Rusiyaya da işləyir.

Ruslar bu metoddan hotel bron etmək, saytın hostinqini ödəmək, aviabilet almaq və digər məqsədlər üçün istifadə edirlər.

Hüquqi aspektlər

Rusiya prezidentinin fərmanına əsasən, martın 1-dən Rusiya sakinlərinin xarici hesablara valyuta köçürmək hüququ yoxdur. Bununla yanaşı, qeyri-rezidentlərin əmək haqqı, qiymətli kağızlar üzrə kupon və dividendlər şəklində xarici hesablara valyuta köçürmələrinə icazə verilir.

Nəzəri olaraq, üçüncü şəxslərin iştirakı olmadan açıq xarici hesablar rublla doldurula bilər, lakin əgər alıcı bankda rubl hesabı açmaq mümkün deyilsə, pul köçürmələrini həyata keçirmək mümkün olmayacaq.

Qəbul edən bankdakı pul hər hansı yolla hesab valyutasına çevrilirsə, bu, xarici valyuta krediti sayılır. Buna əsasən əməliyyat məbləğinin 75-100%-ə qədərini təşkil edən cərimə cəzası müəyyən edilir.

Bununla belə, ruslar müəyyən edilmiş limitlər çərçivəsində xaricə sərbəst valyuta ixrac edə (indi bu, dollar ifadəsində 10 mindir), sonra onu xarici hesablara yerləşdirə bilərlər. Bu, qanuna zidd deyil.

Son xəbərlər
Digər xəbərlər