8 C
Baku
Sunday, December 22, 2024

Rüşvət alarkən tutulan baş həkimin şikayəti üzrə qərar verilib

Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Eşqin Əliyev barəsindəki həbs qətimkan tədbiri qərarından verilmiş şikayətə baxılıb.

Bakı Apellyasiya Məhkəməsində keçirilən iclasda qərar elan olunub.

Məhkəmə təqsirləndirilən şəxsin vəkili tərəfindən verilmiş şikayəti əsassız hesab edərək rədd edib.

Eşqin Əliyev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilən əməliyyatla saxlanılıb.

Məlumata görə, əməliyyat-axtarış fəaliyyəti çərçivəsində Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əliyev Eşqin Əlirza oğlu vətəndaşdan rüşvət alarkən cinayət başında yaxalanıb.

Araşdırma zamanı Eşqin Əliyevin cari il ərzində vətəndaşlara təqaüdün təyinatı, xəstəliklərə dair göndərişin elektron informasiya sisteminə yüklənməsi, eləcə də qeyd edilən tibb müəssisəsində şəxslərin işə qəbul edilməsi, ixtisasının dəyişdirilməsi müqabilində müxtəlif məbləğlərdə rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.

Eşqin Əliyevin üzərində və xidməti otağında axtarış aparılan zaman iş üçün əhəmiyyət kəsb edə biləcək sübutlar aşkar edilərək götürülüb.

Qeyd edilənlərlə bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, toplanmış ilkin sübutlar əsasında Eşqin Əliyev CM-nin 311.3.2 (təkrar rüşvət alma), 178.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarına əsasən həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Mənbəapa.az
Son xəbərlər
Digər xəbərlər