26 C
Baku
Friday, September 5, 2025

“Sədərək” ticarət mərkəzində güclü yanğın olub – Yenilənib

3:23 – “Sədərək” ticarət mərkəzi tərəfindən icarəyə verilmiş anbarda baş vermiş yanğın tam söndürülüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

 

 

 


9:15 -“Sədərək” ticarət mərkəzi tərəfindən icarəyə verilmiş anbarda baş vermiş yanğın məhdudlaşdırılıb.

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən hazırda bəzi tüstülənmə ocaqlarının söndürülməsi işləri aparılır. Yanğının tam söndürülməsi istiqamətində əməliyyət tədbirləri davam etdirilir.

 

 


9:05 -Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzi tərəfindən icarəyə verilmiş anbarda baş vermiş yanğın hələ də davam edir.

Yanğının söndürülməsi məqsədilə əraziyə Fövqəladə Hallar Nazirliyinin 10-larla xüsusi təyinatlı texnikası və 140 nəfərə yaxın şəxsi heyəti cəlb olunub.

Ötən gün günorta saatlarından (11:50 radələrində) başlayan yanğının yayılmasının qarşısı alınıb, eyni zamanda yaxınlıqdakı yanacaqdoldurma məntəqəsinin və digər anbarların mühafizəsi təmin olunub.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

 


23:16 – Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzində yerləşən anbarda gecə saatlarında yenidən yanğın şiddətlənib.

Ərazidə xeyli sayda FHN-in şəxsi heyəti və xüsusi texnikası çalışır.

Yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.


16:17 – “Sədərək” ticarət mərkəzində yanğınla əlaqədar təcili tibbi yardım briqadasına ümumilikdə, 4 nəfərin (kişi cinsli) müraciəti qeydə alınıb.

TƏBİB-dən bildirilib ki, onlardan 2 nəfər ilkin tibbi yardımdan sonra Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub.

Hər iki şəxsə tüstüdən zəhərlənmə diaqnozu təyin olunub və zəruri tibbi xidmət göstərilib. Vəziyyətləri orta ağır qiymətləndirilir, müalicələri davam etdirilir.

Digər 2 nəfərə (kişi cinsli) isə təcili tibbi yardım briqadası tərəfindən yerində tibbi yardım göstərilib.


14:13 – Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzində baş vermiş yanğının yayılmasının qarşısı alınıb.

FHN Mətbuat xidmətindən verilən xəbərə görə, hazırda yanğınla mübarizə tədbirləri davam edir.

Əlavə məlumat veriləcək.


12:15 – Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib.

DİN Mətbuat Xidmətindən bildirilib ki, polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilərək təhlükəsizlik və digər zəruri tədbirlər görülür.


12:11 – Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzində yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN Mətbuat xidmətindən verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam edir.

Əlavə məlumat veriləcək.

 

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər