13 C
Baku
Çərşənbə axşamı, Dekabr 7, 2021

Səfər Mehdiyev prioritet hədəfləri açıqlayıb

Bu gün Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) üzv şirkətləri üçün növbəti AHK İmpuls tədbirini təşkil edib.

Tədbirin fəxri qonağı Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev “Gömrük nəzarəti və rəsmiləşdirilməsi sahəsində dövlət-özəl sektor tərəfdaşlığının gücləndirilməsi” mövzusunda çıxış edib.

AHK Azərbaycanın İcraçı direktoru Tobias Baumann tədbirin açılış nitqini etdikdən sonra görüşün proqramını qısa şəkildə iştirakçılara təqdim edib.

Sonra tədbirin fəxri qonağı Səfər Mehdiyev Dövlət Gömrük Komitəsinin fəaliyyət istiqamətləri və dəyişkən qlobal iqtisadi mühit fonunda Gömrük Komitəsi tərəfindən şəffaflığın artırılması, kölgə iqtisadiyyatı və qaçaqmalçılıq ilə mübarizə və kadr potensialının gücləndirilməsi ilə bağlı aparılan işlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. Xüsusilə də dövlət-özəl sektor əməkdaşlığı nəticəsində fiziki yoxlamaların həcminin əhəmiyyətli dərəcədə azaldılması və səmərəliliyin artırılması istiqamətində Gömrük xidməti tərəfindən görülən işlərdən bəhs edib.

Bununla yanaşı, DGK sədri fiskal sahədə son dövrlərdə Azərbaycanda həyata keçirilən islahatlardan, o cümlədən əhaliyə göstərilən elektron xidmətlərdən və sözügedən sahənin təkmilləşdirilməsi istiqamətində müəyyən edilmiş prioritet hədəflərdən danışıb.

Müasir və sadə prosedurların tətbiqi və qanunvericiliyə uyğunlaşdırılması barədə çıxış edən DGK sədri “Yaşıl dəhliz” sisteminin təkmilləşdirilməsi və gömrük xidmətlərinin səviyyəsinin yüksəldilməsi istiqamətində aparılan işlər barədə tədbir iştirakçılarını məlumatlandırıb və gömrük rüsumlarının ödənilməsində könüllülük prinsipinin tətbiqinin vacibliyini vurğulayıb. O qeyd edib ki, 750 şirkət artıq “Yaşıl dəhliz” sisteminə qoşulub və onlar ümumi ixracın 30 %-nə yaxınını, idxalın isə 41 %-ni təşkil edirlər.

Beynəlxalq əməkdaşlıqlara və xarici bizneslərin təkliflərinə xüsusi önəm verdiklərini qeyd edən cənab S.Mehdiyev, rəqabətədayanıqlı iqtisadiyyatın təmin edilməsi üçün yeni Gömrük Məcəlləsinin hazırlandığını və dünya ticarətində baş verən yeniliklərin Azərbaycanda gömrük sahəsindəki islahatlarda nəzərə alındığını bildirib. DGK-nin sədri vurğulayıb ki, xidmətlərin rəqəmsallaşdırılması əhalinin bu xidmətlərdən asan və rahat şəkildə faydalanmasını təmin etməklə yanaşı, qurulmuş sistemin optimallaşdırılması imkanlarını daha da artıracaq.

Çıxışından sonra S. Mehdiyev AHK Azərbaycan üzvlərinin suallarını cavablandırıb və Palataya özəl sektor nümayəndələri ilə yaratdığı birbaşa dialoq imkanı üçün minnətdarlığını ifadə edib. Tədbir işgüzar nahar yeməyi ilə yekunlaşıb.

Mənbə:Report
Son xəbərlər
Oxşar xəbərlər
X