22 C
Baku
Friday, April 19, 2024

Sərt Brexit: London böhran ssenarilərini açıqlayıb

Böyük Britaniya hökuməti sentyabrın 11-də İcmalar palatası deputatlarının tələbi ilə sərt Brexit halında fəaliyyət ssenarisi və proqnozların əvvəllər gizli saxlanılan detallarını açıqlamağa məcbur olub.

Böyük Britaniya Avropa İttifaqını sazişsiz tərk edəcəyi təqdirdə avtomatik olaraq üçüncü ölkə statusunu qazanır, Brüssellə münasibətlər isə “dostluqdan kənar” xarakter alır.

Bununla yanaşı, La-Manş boğazını keçən yollarda əmələ gələcək nəqliyyat kollapsı üç aya qədər uzana, nəqliyyat axınının intensivliyi isə 40-60 faiz azala bilər. Bu, dərman və tibbi preparatların ölkəyə gətirilməsinə mənfi təsir göstərəcək.

Ekspertlər Böyük Britaniya və Avropa İttifaqının hüquq-mühafizə orqanları arasında məlumat mübadiləsi ilə bağlı problemlərin yaranacağını da bildirilər. Xeyli sayda polis əməkdaşı ictimai narazılıq və etiraz aksiyalarını yatırmağa cəlb olunacaq.

Hakimiyyət İrlandiya ilə sərhəddə məhdud sayda xüsusi hallar istisna olmaqla, “yeni yoxlamalara – yox” siyasətinə əməl etməyə çalışacaq. Lakin bu model uzun vədəli perspektivdə özünü doğrultmayacaq. Bununla yanaşı, Şimali İrlandiyada elektrik enerjisinin qiymətinin kəskin bahalaşacağı gözlənilir.

Müxalif deputatlar, həmçinin parlamentin fəaliyyətinin beş həftə dayandırılması ilə bağlı Baş nazir Boris Consonun əsas köməkçilərinə məxsus “WhatsApp” və “Facebook” sosial şəbəkələri də daxil olmaqla şəxsi yazışmaları üzə çıxarmağı tələb edib. Lakin bu tələb hakimiyyət tərəfindən təmin olunmayıb.

Birləşmiş Krallıq Brexit qərarı ilə bağlı rəsmi bildiriş göndəriləndən iki il sonra – 2019-cu il martın 29-da Avropa İttifaqını tərk etməli idi. Lakin Britaniya parlamentinin İcmalar palatasının deputatları Brüssellə Boris Consonun sələfi Tereza Mey arasında əldə olunan Brexit şərtləri barədə saziş layihəsini üç dəfə rədd ediblər. Nəticədə Avropa İttifaqı Brexit prosesini əvvəlcə aprel və ya may aylarına, sonra isə oktyabrın 31-nə təxirə salmağa razılıq verib. Tereza Mey vəziyyəti dalandan çıxara bilməyərək istefa vermək məcburiyyətində qalıb, onun yerini isə Brexit prosesinin yenidən təxirə salınmasına yol verməyəcəyini və Brüsselin Londonun tələbi ilə razılaşmayacağı təqdirdə ölkəsinin Avropa İttifaqını sazişsiz tərk edəcəyini vəd edən Boris Conson tutub.

AzerTag

Son xəbərlər
Digər xəbərlər