Səudiyyə Ərəbistan şirkətləri indiyədək Azərbaycana 370 mln. dollar investisiya yatırıb

0

 İqtisadiyyat naziri Şahin Mustafayev Səudiyyə Ərəbistanı Krallığının Baş İnvestisiya Qurumunun sədri, Səudiyyə Ərəbistanı-Azərbaycan Hökumətlərarası birgə Komissiyasının həmsədri İbrahim bin Əbdülrəhman əl-Ömərin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

İqtisadiyyat Nazirliyindən  verilən məlumata görə, görüşdə Ş. Mustafayev ölkələrimiz arasında əlaqələrin inkişafında Azərbaycan Prezidentinin Səudiyyə Ərəbistanına səfərlərinin, aparılan danışıqların mühüm əhəmiyyətini vurğulayıb, yüksək səviyyəli siyasi münasibətlərin iki ölkə arasında iqtisadi əməkdaşlığın genişlənməsi üçün əlverişli zəmin yaratdığını diqqətə çatdırıb. Qeyd edilib ki, ölkələrimiz arasında möhkəm müqavilə-hüquq bazası yaradılıb, Azərbaycan və Səudiyyə Ərəbistanı biznes dairələri arasında əlaqələr uğurla inkişaf edir, iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə Bakıda və Ər-Riyadda biznes forumlar keçirilib, Ər-Riyad və Ciddə şəhərlərinə ixrac missiyaları təşkil edilib. Bu il də Azərbaycan ixrac missiyası Səudiyyə Ərəbistanına səfər edəcək.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Səudiyyə Ərəbistanı şirkətləri indiyədək Azərbaycan iqtisadiyyatına 370 mln. dollar investisiya yatırıb. Səudiyyə İnkişaf Fondu ilə məktəb tikintisi, kanal və yol tikintisi sahələrində uğurlu maliyyə əməkdaşlığı həyata keçirilib, su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələri üzrə işlər davam etdirilir. Son illərdə Səudiyyə Ərəbistanından Azərbaycana gələn turistlərin sayı əhəmiyyətli dərəcədə artıb. Bakıda keçirilən Azərbaycan-Səudiyyə Ərəbistanı Hökumətlərarası birgə Komissiyasının iclası, həmçinin iş adamları arasında təşkil edilmiş işgüzar görüş ölkələrimiz arasında əməkdaşlığa töhfə verir.

Ş. Mustafayev Səudiyyə Ərəbistanı iş adamlarını Azərbaycandakı əlverişli işgüzar şəraitdən yararlanmağa, sənaye parklarına və məhəllələrinə, aqroparklara investisiya yatırmağa dəvət edib.

İbrahim bin Əbdülrəhman əl-Ömər Azərbaycandakı sabitlikdən, inkişafdan məmnunluğunu, ölkəsinin Azərbaycana investisiya qoyuluşunda marağını diqqətə çatdırıb, iki ölkə arasında əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirib.

Görüşdə energetika, investiyalar, alternativ enerji, kənd təsərrüfatı, kimya, turizm sahələrində əməkdaşlıq, birgə layihələrin icrası və s. məsələlər müzakirə edilib.

İbrahim bin Əbdülrəhman əl-Ömər Səudiyyə Ərəbistanı iş adamlarının Azərbaycan sahibkarları ilə fəal əməkdaşlıqda maraqlı olduqlarını bildirib və bu məqsədlə hər iki ölkənin biznes dairələrinin faydalana biləcəyi elektron bazanın yaradılmasını təklif edib.