“Azərbaycanda zərgərlik sahəsində problemlərin nə qədər ciddi olduğunu bilirik”.
Bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib.
“Bu gün bu sahədə idxal, yerli istehsal və ixrac əməliyyatlarımızın potensialının yüksək olduğu halda biz öz fəaliyyətimizi təşkil edə biləcək halda deyilik. “Kölgə iqtisadiyyatı” ilə mübarizəni vahid komanda şəklində aparsaq, qanuni fəaliyyət göstərən sahibkarların gələcək inkişafı qaçılmazdır. Rəqəmlərə və statistik göstəricilərə nəzər salsaq bu sahədə vəziyyət ürək açan deyil. Bu sahədə yüksək vergilərin qoyulması, tariflərin tətbiq olunması, idxal, ixrac əməliyyatlarında verginin yuxarı qaldırılması ilə zərgərlik sahəsini tənzimləmək mümkün deyil. Zərgərlik sahəsinin tənzimləməyin yolu gələcəyə yönəlik təkliflərin dəyərləndirilərək sektorun inkişafına səbəb olmaq, qaçaqmalçılıqla bağlı birgə mübarizə aparmaq və sahibkarlara münbit şərait yaratmaqdadır. Dövlət və özəl sektor birgə tədbir görməzsə bu sahədə verginin azaldılmasından və artırılmasından asılı olmayaraq bazarın inkişaf etdirilməsi mümkün deyil. Qanunvericilikdə olan problemləri bilirik. Bu gün idxal əməliyyatları üzrə vergi və rüsümların həddən artıq çox olması leqal fəaliyyət göstərən şirkətin qaçaqmalçılıq yoluna üstünlük verməsinə şərait yaradır. Bu isə bizim mübarizəmizi çətinləşdirir”, – deyə o, qeyd edib.
©Report