“Hazırda Azərbaycanın Ukraynadfakı səfirliyi tam heyətlə iş başındadır. Şəxsən özüm də iş yerindəyəm.”
Bunu açıqlamasında Azərbaycanın Ukraynada səfiri Elmira Axundova bildirib.
Səfir deyib ki, vəziyyət tam nəzarət altındadır: “Azərbqaycanın konsulluğu tam gücü ilə işləyir, Azərbaycana getmək istəyən vətəndaşlar müraciət edə bilərlər. Pasportunun vaxtı keçmiş və ya pasportu ilə bağlı digər problemi olanlar da müraciət edə bilərlər. Hazırda Ukraynadakı azərbaycanlılar üçün ən təhlükəsiz şərait öz qaldığı evdən çıxmamaqdır. Çünki bütün yollar bağlanılıb, ölkədən çıxış mümkün deyil. Ölkədə vəziyyət təhlükəlidir. Bizim özümüzün də, yəni diplomatların təxliyəsi hələlik həyata keçirilmir. Əgər təxliyə mümkün olarsa 3-4 diplomat qalıb işləyəcək, qalan diplomatların ailələri hansı ki, onlar təqribən 40 nəfərdir, Ukraynadan çıxarılması yollarını arayırıq. Eyni zamanda hazırda Azərbaycandan Xarkovda kurs keçən 17 fövqəlada hallar əməkdaşları ilə yanaşı Ukraynadakı Azərbaycan vətəndaşlarının da evakuasiyasını mümkün olan kimi edəcəyik. Amma hələ ki bu barədə düşünürük. Çünki hələ məlum deyil hansı yolla ölkədən çıxara bilərik”, – deyə, Elmira Axundova əlavə edib.
Səfir səfirliyin 00380735050000 nömrəli qaynar xəttinin işlədiyini də xatırladaraq ölkədəki Azərbaycan vətəndaşlarına istənilən aidiyyəti məlumat ilə bağlı müraciət edə biləcəyini deyib. Səfir eyni zamanda vətəndaşlara Azərbaycan Xarici İşlər Nazirliyinin bu gün səhər yaydığı müraciətlə də tanış olmağa çağırıb.
Qeyd edək ki, bu gün səhər saatlarından Kiyev də daxil olmaqla Ukraynanın Xarkov, Mariopol, Odessa, İvano Frankovsk vilayətlərində silsilə partlayışlar baş verir. Donbasda isə şiddətli döyüşlər gedir.