Azərbaycan Respublikasının rezident fiziki şəxsi öklkədə müvafiq lisenziya ilə fəaliyyət göstərən investisiya şirkətlərinə (məsələn: Birbank İnvest İnvestisiya şirkətinə, CFI Financial Investment Company şirkətinə məxsus tətbiq üzərindən və s.) məxsus platforma vasitəsilə ABŞ birjasında ticarətə buraxılan “A” şirkətinə məxsus hər hansı bir səhmi müəyyən qiymətə alır (alış komissiyası ödəyərək), sonradan müvafiq qiymətə satır (satış komissiyası ödəyərək). Satış nəticəsində gəlir əldə edilərsə, fiziki şəxs gəlir əldə etməsi barədə vergi orqanına hansı müddət ərzində, hansı formada bəyan etməlidir? Səhm satışından əldə edilən gəlir qeyri-sahibkarlıq, yoxsa sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir sayılır? Həmin gəlir hansı vergi dərəcəsi ilə vergiyə cəlb edilir? Bu əməliyyatları VÖEN açmadan vergi orqanına bəyan edərək aparmaq mümkündürmü?
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 99.3.8-ci maddəsinə əsasən, vergi ödəyicisinin aktivlərinin ilkin qiymətinin artması ilə bağlı əldə edilən hər hansı digər gəlir (təqdim olunduğu təqdirdə) onun qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəliri hesab edilir. Belə gəlir əldə edən şəxs vergi orqanlarında uçota alınmalı, VÖEN almalı və əldə olunan gəlirdən, Vergi Məcəlləsinin 101.2-ci maddəsinə uyğun olaraq, 14 faiz dərəcə ilə gəlir vergisi hesablayaraq, növbəti ilin mart ayının 31-dən gec olmayaraq gəlir vergisi bəyannaməsini vergi orqanına təqdim etməklə, dövlət büdcəsinə ödəməlidir.
Əsas: Vergi Məcəlləsinin 99.3.8-ci, 101.2-ci maddələri






