8 C
Baku
Friday, December 13, 2024

Şəhriyar Məmmədyarova dəstək verilirmi?

“Şəhriyar o boyda şahmatçıdır, 2000 manat maaş alır. Onu da birdən verirlər, birdən də vermirlər”, nüfuzlu azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarovun atası Həmid Məmmədyarov deyib.

Şəhriyar Məmmədyarovun yazdığı Facebook statusuna münasibətini bildiriən atası Həmid Məmmədyarov BBC News Azərbaycancaya bildirib ki, Federasiyanın Şəhriyara etdiyi “kiçik köməklər” kifayət etmir.

Mediada yayılan Facebook paylaşımında şahmatçının kifayət qədər maddi dəstək almadığından şikayətləndiyi görünür.

Azərbaycan Şahmat Federasiyasının (AŞF) vitse-prezidenti Faiq Həsənov AŞF-ın Şəhriyar Məmmədyarova ayda 2000 manat maaş verildiyini, türnirlərdə xərclərinin ödənildiyini və onun məşqçilərinə də ödəniş edildiyini deyib.

Şəhriyar Məmmədyarov 2012-ci ildə qrossmeyster titulunu alıb və azərbaycanı bir çox beynəlxalq şahmat yarışlarında təmsil edib.

FIDE – beynəlxalq şahmat federasiyası Şəhriyar Məmmədyarovu dünyanın 3 nömrəli şahmatçısı hesab edir.

Kiçik köməklər bəs etmir”

AŞF rəsmisi cənab Məmmədyarovun bu statusu niyə yazdığını anlamadığını və bu barədə şahmatçının Azərbaycana qayıtmasından sonra özü ilə söhbət edəcəyini bildirib.

“Köməkçilərin xərclərini də hesablayanda, böyük vəsait lazım olur. Federasiyanın Şəhriyara etdiyi kiçik köməklər bəs etmir. O da dözdü, dözdü, axırda dilləndi.

Deyirlər ki, məşqçi gətiriblər. Məşqçi adıyla gətirdikləri şahmat birinciləri idi. Şəhriyar Məmmədyarovun bir məşqçisi var. O da mənəm. Başqa məşqçisi yoxdur”, Məmmədyarovun atası Həmid Məmmədyarov deyib.

Tanınmış Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarovun Facebook səhifəsində yarışlarda iştirak üçün “sponsor tapa bilmədiyi” yazılıb.

“Çox heyif, amma şahmat belə məni bezdirdi! Yorulmuşam! Sabah yenə oynamaq lazımdır! Arada fikirləşirəm ki, bu ölkədə məndən güclü nə qədər idmançı var ki, mənə bir sponsor tapılmadı?” hazırda ABŞ-ın Saint Louis şəhərində keçirilən şahmat turnirində iştirak edən qrossmeysterin Facebook səhifəsində belə yazılıb.

BBC News Azərbaycanca ABŞ-da olan şahmatçı ilə danışmağa nail ola bilməyib.

Hazırda Şəhriyar Məmmədyarov ABŞ-da keçirilən və Grand Chess Tour adlı beynəlxalq şahmat turnirlərinin növbəti mərhələsi, Sinquefield Kuboku şahmat çempionatında mübarizə aparır.

Bu il ərzində Şəhriyar Məmmədyarovun Grand Chess Tour turnirlərində qazandığı mükafatların ümumi məbləği 35 min ABŞ dollar civarındadır.

“Şəhriyar nə tələb etmişdi, yerinə yetirdik”

“Şəhriyarı hamı maliyyələşdirir, o cümlədən Federasiya da”, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov isə BBC News Azərbaycancaya bildirir. O deyir ki, ki, Şəhriyar Məmmədyarov ayda 2000 manat maaş alır və turnirə gedərkən Milli Komandanın bütün digər üzvləri kimi onun da qonorarı və səfər xərcləri qarşılanır.

“Keçən il iddiaçılar turnirində oynayırdı, “mənə məşqçi lazımdır, hazırlaşmalıyam” demişdi, biz onu dəvət etdik, gəldi, federasiyanın prezidenti Elman Rüstəmovun yanındakı müzakirədə nə tələb qoymuşdusa, xaricdən məşqçi çağırmaq və sair, hamısını yerinə yetirdik. Xaricdən 3-4 məşqçi çağırdıq, onların maaşını və səfər xərclərinin hamısını ödədik”, Faiq Həsənov bildirib.

O əlavə edib ki, Şəmkirdə keçirdikləri sonuncu superturnirdə Şəhriyar Məmmədyarova iştirakına görə 20 min avro verilib. “Bu dəfəki səfərə gəlincə, onun xərclərini təşkilatçılar ödəyib”, Faiq Həsənov deyib.

Federasiyasının vitse-prezidenti Həsənov belə bir statusun niyə yazıldığını bilmir, deyir ki, Məmmədyarov ölkəyə qayıdandan sonra onunla danışacaq.

Facebook statusuna reaksiyalar

Dünyada “Şah” ləqəbi ilə tanınan Məmmədyarovun Facebook səhifəsindən yazılmış statusu sosial mediada geniş reaksiyalara səbəb olub.

“Bəs siz bilirdiniz ki, hazırda ən çox tanınan azərbaycanlılardan şahmat ustası Şəhriyar Məmmədyarov yarışlara öz hesabına gedir? Mən bilmirdim… Çox təəssüf və ayıb…”, Narmin Rahimli Facebook-da yazıb.

@EFatullayev tvit edib: “Bu boyda zəngin Azərbaycanın Şəhriyar Məmmədyarov kimi qrossmeysterə dəstək vermək üçün pulu yox imiş. Sual edirəm – bəs onda nəyə və kimə pul var? Dünyanın ən istedadlı şahmatçılarından biri etiraf edir ki, artıq tükənir, sponsor olmadığı üçün hər gün oynamalıdır. Bu nə faciədir?”

Khadija İsmayil isə Facebook-da belə təklif edib: “Fond yaradılsın (şahmat inkişaf fondu) və hamı pul verə bilsin. Könül istər ki Şəhriyar oliqarxlardan yox, hökumətdən yox, vətəndaşlardan alsın bu dəstəyi”.

“Şəhriyar Məmmədyarov da bezirsə, indi gör biz nələr çəkirik”, @Elmar_MU adlı Twitter istifadəçisi yazıb.

“Başa düşürəm, amma mən sırf şəhriyar söhbətinə cavab olaraq demək istəyirəm ki, hal-hazırda qatıldığı turnirin mükafat fondu 300 min dollardır. Yəni bu turnirdə iştirak eləməklə 15 min dolları qazanır, ən pis halda”, @Mr_Gozelov isə belə tvit edib.

Şəhriyar Məmmədyarov hazırda dünya şahmatçıları sıralamasında üçüncü yerdədir.

O, Saint Louis-də keçirilən turnirdə şənbə günü şahmat üzrə dünya çempionu Magnus Carlsen-lə heç heçə edib.

Son xəbərlər
Digər xəbərlər