Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Şəki şəhəri, Sabit Rəhman küçəsi 69 ünvanında yerləşən, Nuhzadə İlqar Məmmədhənifə oğluna məxsus “Nur” şirniyyat istehsalı müəssisəsində planlı yoxlama keçirib.
Banker.az AQTA-ya istinadən xəbər verir ki, yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının, gigiyena normativlərinin kobud şəkildə pozulduğu aşkar edilib. Belə ki, satışa təqdim olunan şirniyyat məhsullarının üzərində zəruri məlumatların qeyd edilmədiyi, xammal kimi istifadə olunan məhsulların birbaşa istehsal sahəsində saxlanıldığı, həmçinin istehsal sahəsində sobanın üzərində ventilyasiya sisteminin quraşdırılmadığı, işçi heyətin dövri tibbi müayinədən keçmədiyi, dezinfeksiya, deratizasiya, dezinseksiya işlərinin aparılmadığı məlum olub. Aşkar olunmuş nöqsanlarla bağlı sahibkarlıq subyekti inzibati məsuliyyətə cəlb edilib.