Vergilər Nazirliyi “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” qanunun 1-ci, 2.1-ci və 3-cü maddələrinə
əsasən faiz və maliyyə sanksiyaları üzrə cari ilin yanvarın 1-nə mövcud olan borcları qeyd-şərtsiz silinmiş hüquqi şəxslərin adlı siyahısını açıqlayıb.
APA xəbər verir ki, siyahıda 8 bankın adına rast gəlmək mümkündür ki, onlardan cəmi 7-si fəaliyyətini dayandırıb və ya ləğv prosesindədir, 1-i isə fəaliyyətini davam etdirir.
Beləliklə, “Atabank” ASC-nin 46 min 401,7 manat məbləğində qeyd-şərtsiz silinmiş faiz və maliyyə sanksiyası üzrə borcu silinib.
Bundan başqa, ləğv prosesində olan “Atrabank”, “DebütBank”, “Texnikabank” və “Evrobank”ın müvafiq olaraq 852 manat, 27 min 283,3 manat, 522 min 291,8 manat və 28,8 manat borcunun silinməsi təmin edilib. Həmçinin, fəaliyyətini dayandırmış “Birlikbank”, “Bank Standard” və “Yunayted Kredit Bank”ın müvafiq olaraq 91 min 224,3 manat, 16 min 574 manat və 8 min 116,9 manat məbləğində borcu silinib.
Banklarla yanaşı, bank olmayan kredit təşkilatlarının və kredit ittifaqlarının borclarının silinməsi də təmin edilib. Belə ki, “Finex Kredit” ASC-nin 6 min 70,2 manat, “RHM Finance” MMC-nin 495 manat, “Ağan” MMC-nin 1 min 146,7 manat, ləğvetmə prosesində olan “Birlik Kredit İttifaqı” MMC-nin 1 min 154,3 manat, “Tatyan – Kredit İttifaqı” MMC-nin 4 min 780,7 manat, “İlham Kredit İttifaqı” MMC-nin 12 min 326 manat, “Mikrokredit” MMC-nin 1 min 116,9 manat məbləğində borcu silinib.