Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun işi üzrə yeni cinayət işi açılıb.
Bu barədə bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən iclasda bildirilib.
Hakim deyib ki, cinayət işi üzrə dəymiş 20 milyon manat məbləğində ziyan təqsirləndirilən şəxs tərəfindən tam ödənilib.
İttihamda dəymiş ziyan kimi göstərilmiş 27 milyon manatın 7 milyon manat təşkil edən hissəsi israfetmə epizodu ilə bağlıdır.
Həmin epizod üzrə isə ayrıca cinayət işi açılıb.
Araşdırma zamanı məlum olub ki, bir neçə nazirlik əməkdaşı və işdə adı keçən tenderlərdə qalib olmuş şirkət rəhbərləri fəaliyyətləri zamanı qanunsuzluqlara yol veriblər. Belə olan halda israfetmə kimi göstərilmiş 7 milyon manat da həmin şəxslər tərəfindən ödənilməlidir.
Hakim həmin epizod üzrə qısa məlumat verərək deyib ki, bu günə qədər israfetməyə yol vermiş şirkət rəhbərləri və digər adı keçən şəxSlər tərəfindən 1 milyondan artıq vəsaitin ödənilməsi təmin olunub. Hazırda ziyanın qalan 6 milyon manata yaxın hissəsinin də ödənilməsi davam etdirilir.
Səlim Müslümov 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunub. Cinayət Məcəlləsinin 179.4 ( xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunur.
Sabiq nazir 13 ay həbsdə qaldıqdan sonra səhhətində yaranan problemlə bağlı ev dustaqlığına buraxılıb.