İnsan hüquqları, eləcə də, iqtisadi münasibətlər sistemində mülkiyyət hüququ əsas yer tutur. Roma hüquq sistemindən indiyədək mülkiyyət hüququ fundamental hüquq kimi tanınır.
Mülkiyyət hüququnun məzmununu mülkiyyətçinin əmlaka sahiblik, ondan istifadə və üzərində sərəncam hüququnun məcmusu təşkil edir.
Müvafiq beynəlxalq sənədlərə görə, bütün insanların mülkiyyəti toxunulmazdır və əgər bu toxunulmazlıq pozularsa, o zaman dövlət bu hüququn bərpa edilməsini təmin etməlidir. Azərbaycanda mülkiyyət münasibətləri Azərbaycanın Konstitusiyası, müvafiq qanunları ilə, digər normativ aktlarla, eləcə də, dövlətlərarası müqavilələrlə tənzimlənir.
Bunu açıqlamasında iqtisadçı millət vəkili Əli Məsimli dilə gətirib.
Onun sözlərinə görə, “ASAN Xidmət” fəaliyyətə başladıqdan sonra daşınmaz əmlakın qeydiyyatı sahəsində mövcud olan bürokratik əngəllər və digər xoşagəlməz hallar aradan qaldırılıb.
O qeyd edib ki, bu əsasda daşınmaz əmlakın qeydiyyatı sahəsində əldə edilən nəticələr, nailiyyətlər beynəlxalq aləmdə yüksək qiymətləndirilir.
Millət vəkilinin dediyinə görə, daşınmaz əmlakın qeydiyyatı sahəsində bir sıra hallarda mülkiyyət hüququnun pozulması hallarına rast gəlinir.
Ə.Məsimli bildirib ki, belə halların olması qanunlardan daha çox həmin qanunların reallaşdırma mexanizminin təkmil olmaması, qəbul edilən müvafiq normativ-hüquqi aktlardakı boşluq və ziddiyyətlər, eləcə də, bir sıra hallarda qanunun tələblərinə tam riayət edilməməsi və məhkəmələrdə ədalətsiz qərarların çıxarılması bu kimi amillərlə bağlıdır.
“Konstitusiyamızda və Azərbaycan qanunvericiliyində mülkiyyət hüququnun qorunması ilə bağlı önəmli məqamlar təsbit olunub.
Belə ki, ölkə vətəndaşlarının hər birinin mülkiyyət hüququ dövlət səviyyəsində qorunur və yarana biləcək hər hansı bir problemin çözülməsi də qanunlarla həll olunur. Azərbaycan Konstitusiyasında göstərilib ki, hər kəsin mülkiyyət hüququ var. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Bununla belə, təkcə bizə daxil olan müraciətlər əsasında deyə bilərik ki, mülkiyyət hüququnun pozulması halları hələ kifayət qədərdir.
Məsələn, Konstitusiyamızda yazılıb ki, dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Amma bir çox hallarda Konstitusiya tələbi olan ədalətli ödəmə prinsipi pozulur.
Dövlət ehtiyacları üçün, məsələn, müxtəlif obyektlərin tikintisi yol çəkilişi və başqa məqsədlə vətəndaşın ikiotaqlı mənzili söküləndə, köhnə evlərin sahəsi, adətən, az olduğundan, ona 30-35 min manat pul və ya yeni binada sahəsi köhnə binadan xeyli çox mənzil təlkif olunur.
Nəticədə elə vəziyyət alınır ki, vətəndaşın yeni binalardan ikiotaqlı mənzil alması üçün 30-35 min manat yox, 65-70 min manat lazım olur. Köhnə mənzilə görə yeni mənzil variantını seçdikdə isə vətəndaş ya təhvil verdiyi iki otağın müqabilində birotaqlı mənzil götürməli, ya da əlavə sahə üçün 20-25 min manat və daha çox əlavə pul ödəməlidir.
Ona görə qanunlarda və digər müvafiq normativ hüquqi aktlarda bu qəbildən olan problemləri həll etməkdən ötrü müvafiq dəyişikliklərin edilməsinə ehtiyac var. Başqa bir misal: Vətəndaş bələdiyyədən torpaq alır, bankdan kredit götürüb, onun üzərində təsərrüfat yaradır.
Bir müddətdən sonra hansısa təşkilatlar gəlib, həmin obyekti vətəndaşın əlindən alırlar. Nəticədə, vətəndaş həm sənədləşdirilmiş mülkiyyətdən məhrum olur, həm də banka borclu qaldığından girov kimi qoyduğu öz ev-eşiyindən məhrum olur.
Deməli, dövlət və bələdiyyə mülkiyyətinin sərhədləri dəqiqləşdirilməlidir ki, insanlar bu problemdən əziyyət çəkməsinlər.
Yaxud vətəndaş tikdiyi evdə uzun müddət yaşamasına baxmayaraq, bir gün gəlib həmin evi söküb-dağıdırlar ki, sənədsiz evdir. Sənədsiz evlər problemi ilə bağlı xeyli müddətdir ki, iş aparılır. Bununla belə, sənədsiz evlər probleminin həlli sürətləndirilməlidir. Sənədsiz evlərə və torpaqlara mülkiyyət hüququ verilməlidir.
Geniş yayılmış pozuntulardan biri də odur ki, vətəndaş pulla aldığı mənzilə köçmək istəyəndə məlum olur ki, həmin mənzil ondan başqa bir neçə adama da həmin üsulla satılıb.
Bu qəbildən olan problemlərin həllini sürətləndirməkdən ötrü müəyyən işlər görülür. Tikintisinə icazə alınmış, lakin istismarına icazə verilməmiş binalardakı mənzillərə və qeyri-yaşayış sahələrinə mülkiyyət hüququna dair Mülki Məcəlləyə dəyişiklik edilib. Bu dəyişiklik vətəndaşları dələduzlardan qorumaqda mühüm rola malik olacaq.
Çoxmənzilli binaların tikintisində müşahidə olunan digər problemlərdən biri də mənzil-tikinti təşkilatları tərəfindən pulun tam məbləğdə qabaqcadan alınması, lakin binanın müqavilə ilə nəzərdə tutulmuş müddətdə tikilib başa çatdırılmamasıdır.
Bu problemin həlli üçün Məcəlləyə edilmiş əlavədə tikintisi başa çatmamış binalarda mənzilin qiymətinin tikinti mərhələləri üzrə müəyyən faizlərlə ödənilməsinin şərtləri göstərilib. Məsələn, torpaq-qazma işlərinin başlanmasından sonra müqavilə məbləğinin, yəni mənzilin qiymətinin 30 faizindən çox tələb edilə bilməz.
Qanunvericiliyin inkişafı kontekstində mülkiyyət hüququ ilə bağlı islahatlar prosesi Azərbaycan Konstitusiyasına və ölkəmizin qoşulduğu beynəlxalq Konvensiyalara uyğun olaraq aparılır. Eyni zamanda, qanunların tətbiqi sahəsində meydana gələn problemlər beynəlxalq təcrübə öyrənilərək, qanunvericiliyin təkmilləşdirilməsi istiqamətindəki fəaliyyətə əlavə olunur.
Bu baxımdan, vacib məsələlərdən biri kimi, monitorinqlər aparılmalı və beynəlxalq praktikadan məlum olan üsullarla mülkiyyət hüquqlarının müdafiəsi sahəsində inkişaf etdirilə biləcək istiqamətlər müəyyən edilməli, lazım gələrsə, qanunvericilikdə müvafiq dəyişikliklər olunmalıdır”, – deyə deputat əlavə edib.
– Oxu.az