12 C
Baku
Monday, November 25, 2024

Sənədsiz evlər də sığortalanacaq

Son günlər ölkə mediasında yayılan xəbərlərə görə, yaxın vaxtlarda qanunsuz tikililərin, yəni çıxarışı, sənədi olmayan yaşayış evlərinin də sığortalanacağı bildirilir. Bunun üçün Ədliyyə Nazirliyi və Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən birgə ideya layihəsinin hazırlandığı vurğulanır. Layihədə qanunsuz tikililərin bir portaldan qeydiyyatdan keçməsi və qanuna uyğunlaşdırılması ilə bağlı proses nəzərdə tutulur. 

Məlumatda, həmçinin layihənin real­laşdırılmasından sonra 500 mindən çox müxtəlif təyinatlı yaşayış obyekti və fərdi evin sığortaya cəlb olunacağı qeyd edilir. Ekspertlərin sözlərinə görə, belə bir hal isə qanunsuz tikililərin sənədləşdiriləcə­yini və onların sığortaya cəlb ediləcəyini şərtləndirir.

Birgə layihənin hazırlanması yekun­laşdırıldıqdan sonra vahid portal yaradı­lacaq və onun vasitəsilə bütün əmlakları qeydiyyatdan keçirmək mümkün olacaq. Bu da sığorta sektorunun inkişafına çox ciddi təkan verəcək. Prosesin bu ilin so­nuna qədər yekunlaşdırılacağı gözlənilir. Beləliklə, respublikada daşınmaz əmlakın sığortalanması üçün qurulan yeni elektron sistem həm əmlakın sığortalanması pro­sesini sadələşdirəcək, həm də əmlakın sığortalı olub-olmadığına daha yaxşı nə­zarət etməyə imkan verəcək.

Hazırda Azərbaycanda icbari sığor­ta sahəsində daha çox zəif inkişaf edən istiqamətlərdən biri mənzil və evlərin sı­ğortasıdır. Ekspertlərin qiymətləndirmələ­rinə əsasən, təkcə Bakı şəhərindəki mən­zil və evlərin qiyməti 50 milyard manata yaxındır. Azərbaycanda icbari sığortalara nəzarəti həyata keçirən qurumun – İcbari Sığorta Bürosunun açıqladığı məlumata görə, ötən ilin sonuna respublikada, ümu­milikdə, 151 min ev və mənzil sığortalan­mış vəziyyətdə olub. Mərkəzi Bankın baş direktoru Ziya Əliyevin sözlərinə əsasən, sığortalana bilən əmlakların potensial sayı 1 milyondur. Bu da əmlak sığortasında pe­netrasiyanın, yəni bazarın əhatə göstərici­sinin 15 faiz olmasının təsdiqi deməkdir. Dəyişikliklərdən sonra isə bu rəqəmin azı 2 dəfə artırılması gözlənilir.

Ziya Əliyevin sözlərinə görə, ölkə­də qeyri-yaşayış obyektlərinin sığortalı olub-olmamasına nəzarəti Fövqəladə Hal­lar Nazirliyi həyata keçirir. Yaşayış evləri­nin sığortasına nəzarət isə qanunla rayon icra hakimiyyəti orqanlarına həvalə edilir. Qanuna görə, əmlakını sığorta etməyən­lərin cərimələnməsi də nəzərdə tutulsa da, bu sistem işləmir.

Bundan sonra isə evlərin sığorta olu­nub-olunmadığı elektron şəkildə müəy­yənləşdiriləcək. Bunun üçün Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyindəki Daşınmaz Əmlakın Reyestri Xidməti ilə İcbari Sığorta Bürosu inteqrasiya oluna­caq. Artıq başlayan bu proses yaxın ay­larda yekunlaşacaq. Beləliklə, müvafiq icra hakimiyyəti həm ölkədəki “kupçalı” evləri, həm də onlardan hansının sığorta edilib-edilmədiyini görə biləcək. Bu da on­lara sığortası olmayan evlərə kabinetdən çıxmadan elektron şəkildə cərimə yazıl­masına imkan verəcək.

Yeni qaydalarda sığorta olunmayan evlərin cərimələnəcəyi nəzərdə tutulur. Bəs belə olan halda ölkədə mövcud 500 minə yaxın “kupçasız” evin aqibəti necə olacaq? Azərbaycan Sığortaçılar Asso­siasiyasının məlumatına görə, daşınmaz əmlakın icbari sığortası ölkədə mövcud olan yaşayış və qeyri-yaşayış əmlakla­rı üçün məcburidir. Bu sığorta növü üzrə proseslər 2011-ci ildə qəbul edilən “İcbari sığortalar haqqında” Azərbaycan Res­publikasının Qanunu ilə tənzimlənir. Qa­nundan irəli gələn tələblərə görə, yanğın, ildırım düşməsi, məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı, elektrik naqillərində baş verən qısa qapanma, buxar qazanlarının, qaz anbarlarının, qaz kəmərlərinin, maşınların, aparatların və digər oxşar qurğuların və ya cihazların partlayışı, su, istilik, kanalizasiya kəmər­lərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində su­basma, hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri, yerüstü nəqliyyat vasitə­sinin dəyməsi, təbii fəlakətlər – zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi, üçüncü şəxslərin hərəkətləri nəticəsində zədələn­məsi, məhv olması, yaxud hər hansı digər formada itkisi daşınmaz əmlakın icbari sı­ğortası növü üzrə sığorta hadisəsi hesab olunur.

Müvafiq qanunun digər tələbinə əsasən, yaşayış obyektlərinin icbari əm­lak sığortası üzrə tarif və təminat məbləğ­ləri regionlara görə dəyişir. Belə ki, Bakı şəhərində yerləşən yaşayış obyektlərinin icbari sığortası üzrə tarif 50 manat, sığor­ta təminatı 25 min manata qədər, Gəncə, Sumqayıt və Naxçıvanda sığorta tarifi 40 manat, sığorta təminatı 20 min manata qədər, digər şəhər və rayonlarda yerləşən yaşayış obyektləri üçün sığorta tarifi 30 manat, sığorta təminatı isə 15 min mana­ta qədər müəyyənləşdirilir. Qeyri-yaşayış obyektlərində isə sığorta tarifləri həmin əmlakın yerləşdiyi yerə, təyinatına, həc­minə görə, fərqləndirilir.

Nihat QORQUD ƏLİYEV,
iqtisadçı-ekspert

Ədliyyə Nazirliyi və Əmlak Məsələləri Dövlət Xidmətinin birgə ideya layihəsi ölkəmizdə mövcud olan və sığortalanmamış daşınmaz əmlak­ların sığortaya cəlb olunmasını təmin edə biləcək. Hazırda ölkə vətəndaş­larının icbari əmlak sığortasına olan yanaşma qaneedici deyil. Çünki sta­tistikaya əsasən, hazırda respublika ərazisindəki yaşayış obyektlərinin 90 faizi, qeyri-yaşayış obyektlərinin isə 70 faizi icbari qaydada sığorta edilmə­yib. Söhbət sənədli əmlaklardan gedir. Bu da onu göstərir ki, bu sığorta növü üzrə bazar potensialı böyükdür və sis­temli tədbirlər nəticəsində daşınmaz əmlakın icbari sığorta növü üzrə pe­netrasiya ən az 2-3 dəfə artırıla bilər. Çıxarışsız əmlaklar da qanunvericiliyə əsasən, sənədləşdirildikdən sonra qu­rulmaqda olan elektron sistem vasitə­silə avtomatik olaraq sığortaya cəlb olunacaq.

Onu da vurğulayım ki, daşınmaz əmlakın icbari sığortası növündən is­tifadə etməyən mülk sahibləri müəy­yən cərimə ilə üzləşə bilərlər. Belə ki, daşınmaz əmlakların satınalması və girov əməliyyatları zamanı bu sığor­ta növü aidiyyəti qurumlar tərəfindən mütləq tələb olunur.

Bundan əlavə, İnzibati Xətalar Mə­cəlləsinin 469-cu maddəsində, daşın­maz əmlakını icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsi­nin bağlanmamasına görə fiziki şəxs­lərə 30 manat, vəzifəli şəxslərə 80 manat, hüquqi şəxslərə isə 200 manat məbləğində cərimə müəyyənləşdirilib. Şəxs bu maddədə nəzərdə tutulmuş icbari sığorta müqaviləsinin bağlan­mamasına görə, inzibati məsuliyyətə cəlb olunduqda 20 gün ərzində icbari sığorta müqaviləsini bağlamalıdır.

V.BİNYATOĞLU, “Xalq qəzeti”

Son xəbərlər
Digər xəbərlər