10 C
Baku
Saturday, November 23, 2024

Sənaye dizaynının yaradıcısı

“Adi həyat tərzi keçirən orta amerikalının həyatı Raymond Loewy-nin şirkətinin istehsal etdiyi əşyalarla birbaşa təmasda keçir”. Raymond Loewy – universal istedada sahib dizayner idi və onun istedadının bəhrəsi olan nümunələr insanların bütün həyatını əhatə edir. O Coca-Cola şüşəsinin, sərnişin qatarlarının və maşınlarının dizaynını, “Konkord” təyyarəsinin və ilk amerikan orbital stansiyası Skylab-ın interyerini hazırlamış və bütün soyuducuları ağ rəngə boyamışdır.

Raymond Loewy düzgün dizaynı hər kəsdən yaxşı anlayan insanlardan biri idi. Onun ideyaları adi qərarların necə möhtəşəm nəticələr verdiyini və böyük dividentlər gətirdiyini sübut etdi. O hələ Paris kollecində təhsil alarkən dizaynla maraqlanırdı və 15 yaşı olduqda prestijli Ceyms Gordonun müsabiqəsində aeroplanın ilk dizaynını təqdim etdi.

Birinci dünya müharibəsi başa çatdıqda Loewy həyatının açar nöqtəsinə çevrilən Nyu-Yorka köçür. Bir dəfə o dövrün çap cihazlarının istehsalı ilə məşğul olan şirkətin rəhbəri Devid Qestetner onun otağına baş çəkmişdi. Onun şirkətinin məhsullarına böyük tələbat vardı. Lkain məhsulların xarici görünüşü çox da ürəkaçan deyildi və o istedadlı dizaynerdən nələrisə dəyişməyi xahiş etdi. Onun məhsullara qazandırdığı yeni dizayn alıcıların o qədər xoşuna gəlir ki, növbəti 20 il ərzində məhsullar bütünlüklə bazarı zəbt edir.
Loewy çoxsaylı loqotiplərin müəllifidir. Onlar sırasında – Exxon (1972), Greyhound Bus, Lucky Strike (1940), Shell (1971), Air Force One və başqaları var.

Əsl uğur dizaynerə 1932-ci ildə gəlir: Sears şirkəti Coldspot soyuducularının dizaynını sifariş cerir. Raymond tərəfindən yaradılan yeni dizayn əsl inqilab yaratdı: o soyuducunun ölçüsünü artırdı, o dövr üçün yenilik olan ərzaqların saxlanması üçün xüsusi “qutular” yaratdı və ən əsası soyuducunu bütünlüklə ağ rəngdə etdi. Bundan əlavə, o ilk paslanmayan aliminium rəflərin müəllifi oldu.

Lakin amerikalı dizayner tək soyuducularla məşhur deyil. Belə ki, məhz o Broadway Limited sərnişin qatarlarının interyerini yaratmışdır. Bundan başqa, o məşhur PRR (Pennsylvania Railroad) parovozlarının da dizaynını tərtib etmişdi. Bununla yanaşı, 1967-ci ildə açılmış Nyu-York metrosunun vaqonları Raymondun layihəsi idi.

Raymond Loewy bəzi avtomobillərin dizaynı ilə də məşğul olmuşdu. 1939-cu ildə o Studebaker ilə sıx əməkdaşlığa başladı. Lakin İkinci dünya müharibəsi səbəbindən o işinə ancaq müharibə bitdikdən sonra başladı. Bu zaman Raymond Studebaker avtomobillərinin daxili interyerinin müəllifi idi.

Dizayner ard-arda sadə, lakin yeni və effektiv ideyalar yaratmaqda davam edirdi. Məsələn, Lucky Strike siqaretlərinin dizaynı zamanı o düşündü ki, siqaret çəkənlər çox mühafizəkar olurlar və buna görə də qutunun xarici görünüşündə çox dəyişiklik etmədi. O sadəcə qutunun üzərindəki adları böyütdü və əvvəllər heç kimin etmədiyi şeyi edərək adı hər iki tərəfdə qeyd etdi. Bu şirkətin öz satışlarını bir neçə dəfə artırmasına kifayət etdi.

Amerikalı dizaynerin ən məşhur “əsəri” Coca-Cola şüşəsinin dizaynı idi. O 1915-ci ildə yaradılmış nümunəyə 1955-ci ildə yenilik əlavə etdi. İndi şüşəni əldə tutmaq daha asan idi və reklamda şüşə çimərlik geyimində olan gənc bir qızla müqayisə edilirdi.
1976-cı ildə ABŞ-ın yaradılmasının 200 illiyi qeyd edildikdə Raymond “ölkənin təkmilləşməsinə və tarixinə böyük təsir etmiş” amerikalılardan biri seçildi. 1990-cı ildə isə Raymond Loewy “Life” jurnalı tərəfindən XX əsrin 100 görkəmli xadimi siyahısına salınmışdı.

Son xəbərlər
Digər xəbərlər