“Sumqayıt Kimya Sənaye Parkı” (SKSP) MMC-nin “AzerFloat” QSC-nin şüşə istehsalı zavodunun və “Azərxalça” ASC-nin yunəyrici-boyaq fabrikinin bu ilin ikinci yarısında fəaliyyətə başlaması gözlənilir.
Bunu açıqlamasında “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin direktoru Nazim Talıbov deyib, məlumatı Azərtac yayır. Onun sözlərinə görə, şüşə istehsalı zavodunda hazırda avadanlığın sazlanması prosesi gedir: “Zavodun investisiya dəyəri 95 milyon ABŞ dolları təşkil edir”.
N.Talıbov qeyd edib ki, investisiya dəyəri 18 milyon ABŞ dolları olan “Azərxalça” ASC-nin yunəyrici-boyaq fabrikində də tikinti işləri bitib. Burada da hazırda avadanlığın sazlanması prosesi gedir. Fabrikdə tətbiq edilən texnologiya İtaliya, Türkiyə, Fransaya məxsusdur.
Qeyd edək ki, bu günə qədər Sumqayıt Kimya Sənaye Parkında 22 sahibkara rezident statusu verilib. Hazırda 14 rezident istər daxili, istərsə də xarici bazarlar üçün məhsul istehsal edir. Sənaye parkına ümumi investisiya qoyuluşu portfeli 3,1 milyard ABŞ dolları məbləğində qiymətləndirilir. Real kapital qoyuluşu isə 2,8 milyard ABŞ dollarıdır. Hazırda burada 5 mindən artıq insan işlə təmin olunub.