13 C
Baku
Monday, September 30, 2024

Sənaye və texnologiyalar parklarının rezidentləri üçün vergi güzəştlərinin müddətinin 10 ilədək artırılması planlaşdırılır

Azərbaycan hökuməti sənaye və texnologiyalar parklarının rezidentləri üçün vergi və gömrük güzəştlərinin müddətini 7 ildən 10 ilədək artırmağı planlaşdırır.

Bu, baxılmaq üçün Milli Məclisə daxil olmuş Vergi Məcəlləsinə dəyişikliklərdə nəzərdə tutulub.

Dəyişikliklərə əsasən, sənaye və texnologiyalar parklarının rezidentləri texnika, qurğu və texnologiya avadanlıqlarının idxalı zamanı 10 il müddətinə mənfəət, torpaq, əmlak vergisi və gömrük rüsumundan azad ediləcəklər.

Dəyişikliklər sənaye və texnologiyalar parklarının idarəedici şirkətləri və operatorlarına da şamil edilir. Onlar gəlirlərinin parkların infrastrukturunun tikintisinə və saxlanılmasına yönəldilmiş hissəsindən mənfəət vergisi ödənişindən azad edilirlər.

Hazırda rezidentlər üçün güzəştlərin müddəti 7 ildir və 2013-cü il yanvarın 1-dən qüvvəyə minib. Beləliklə, artıq rezident olan şirkətlərin preferensiyaları 1 yanvar 2023-cü ilədək uzadılacaq.

Hazırda Azərbaycanda 5 sənaye parkı – Sumqayıt Kimya, Qaradağ, Mingəçevir, Pirallahı və Balaxanı sənaye parkları və 4 sənaye məhəlləsi – Neftçala, Masallı, Hacıqabul və Sabirabad sənaye məhəllələri fəaliyyət göstərir. Rezidentlərin ümumi sayı 82-dir.

Azərbaycanda sənaye parklarının rezidentləri tərəfindən layihələrin reallaşdırılmasına 5,7 mlrd. manat (cari məzənnə ilə $3,353 mlrd.) investisiya qoyulub, gələcəkdə isə daha 673 mln. manat ($395,88 mln.) məbləğində investisiya qoyuluşu nəzərdə tutulur.

Son xəbərlər
Digər xəbərlər