Ermənistanın bütün təxribatları nəticəsiz qalacaq.
Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “Anadolu”ya bildirib.
O, Azərbaycan Müdafiə Nazirliyi tərəfindən bu hücumlara cavab verildiyini qeyd edib.
“İki dövlətin müstəqillik əldə etməsinin üstündən 30 il keçib. 30 il ərzində bu iki ölkə arasında sərhədlərin müəyyən olunmaması normal hal deyil. Bunun səbəbləri bəllidir. Uzun illər boyunca Ermənistan tərəfindən işğalçı siyasət yürüdülüb. Ancaq Azərbaycan 30 ildir işğal altında olan torpaqlarını geri alıb. Azərbaycan torpaqlarını azad etdikdən sonra ərazi bütövlüyünü bərpa edib və bu da yeni bir imkan yaradıb. Sərhəd probleminin həll edilməsi üçün Ermənistan ilə Azərbaycan arasında birgə komissiya yaratmaq və sərhədlərin delimitasiya və demarkasiyasına başlamaq lazımdır. Düşünürəm ki, bu prosesin başlaması ilə bu gərginlik də sona çatar. Ermənistan bu yeni reallığı nə qədər tez qəbul etsə, onun özü üçün yaxşı olar. Ermənistan dialoq çağırışlarını qəbul etmək məcburiyyətindədir. Ermənistan tərəfi bunu nə qədər tez başa düşərsə, yeni dialoqları qəbul edərsə və qonşularına qarşı hörmətlə davranarsa, sərhədləri qəbul edərsə, qonşu dövlətlərin torpaqlarına iddia etməzsə, o zaman problem həll olunar. XXI əsrdə bu tərzdə bir siyasət yürütmək heç bir dövlətə xeyir gətirməz”, – XİN rəhbəri vurğulayıb.