“Avtobusla müntəzəm və qeyri-müntəzəm sərnişin daşıyıcılarının vergiyə cəlb olunmasında ciddi çətinlik yoxdur. Əsas problemlər oturacaq yerlərinin sayı 8+1 və ondan az olan miniven tipli minik avtomobilləri ilə həm ölkədaxili, həm də beynəlxalq istiqamətlər üzrə sifarişli sərnişin daşımalarının tənzimlənməsi ilə bağlıdır”.
Banker.az bildirir ki, bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) rəisi Həbib Həsənov “Vergilər” qəzetinə müsahibəsində bildirib.
“Belə daşımalarda sərnişinlərin təhlükəsizliyinin və qanuni maraqlarının qorunması, daşıyıcıların vergiyə cəlb edilməsi müəyyən çətinliklər yaradır. Bu məsələnin həlli məqsədilə daşımalar həyata keçirilən tərəfdaş dövlətlərin aidiyyəti qurumları ilə məsləhətləşmələr aparılır, onların təcrübəsi öyrənilir, ortaya çıxan probemlərin aradan qaldırılması üçün təkliflər hazırlanır”, – deyə o, qeyd edib.
Xidmət rəisinin sözlərinə görə, Vergi Məcəlləsinin 58.2-ci maddəsinə əsasən, “Fərqlənmə nişanı” olmadan avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və ya yük daşınmasına görə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir: “Amma sərnişin və yük daşımaları sahəsində vergidən yayınmaya görə maliyyə sanksiyasının tətbiqi ilə bağlı müvafiq tədbirlərin görülməsinin DANX-ın səlahiyyətlərinə aid olmaması müəyyən çətinliklər yaradır. Hazırda NRYTN ilə Vergilər Nazirliyi arasında imzalanmış Razılaşma Protokoluna uyğun olaraq, vergidən yayınma hallarının qarşısının alınması məqsədilə məsuliyyət müəyyən edən yeni normaların və nəzarət mexanizmlərinin hazırlanması istiqamətində işlər görülür. Eyni zamanda, yük və sərnişindaşıma xidməti göstərən sürücülərin vergidən yayınması hallarının aradan qaldırılması məqsədilə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi ilə birgə mütəmadi reydlər keçirilir”.
“Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarında vergi nəzarətinin gücləndirilməsi nəzərdə tutulur. Artıq bu istiqamətdə müvafiq addımlar atılır. Buraya avtomobil nəqliyyatı ilə yük daşımaları sahəsində elektron əmtəə nəqliyyat qaiməsinin yaradılan “E-nəqliyyat” sisteminə inteqrasiyası, şəhərlərarası (rayonlararası) və DANX-ın tənzimləmə dairəsinə düşən şəhərdaxili (rayondaxili) müntəzəm avtobus marşrutlarında nağdsız ödəniş sistemlərinin tətbiqi, eyni zamanda taksi daşımalarının milli taksi-çağrı proqram təminatı əsasında tənzimlənməsi daxildir. Bu məqsədlə bir sıra nüfuzlu məsləhətçi şirkətlərlə müzakirələr aparırıq. Bununla yanaşı, avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları sahəsində vergi qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı müvafiq normativ hüquqi aktların layihələrinin hazırlanması istiqamətində tədbirlər görülür. Əsas hədəfimiz daşımalarda iştirak etmək istəyən fiziki və hüquqi şəxslərə biznesin bu sahəsi ilə məşğul olmaq üçün kriteriya, standart və tələblərin normativ bazasının müəyyənləşdirilməsi, sağlam rəqabət mühiti formalaşdırmaqla xidmətin keyfiyyətini yüksəltmək, şəffaflığı təmin etmək, vergidən yayınma hallarının qarşısının alınmasına nail olmaqdır”, – deyə o, əlavə edib.
H.Həsənovun sözlərinə görə, Azərbaycanda həm sərnişin, həm də yük daşımaları sahəsində tənzimləmə mexanizmləri nisbətən zəifdir: “Vergi Məcəlləsinə və Nazirlər Kabinetinin 9 fevral 2006-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarına görə verginin ödənilməsi xüsusiyyətləri, habelə “Fərqlənmə nişanı” və “Xüsusi fərqlənmə nişanı”nın tətbiq edilməsi qaydaları”na əsasən, avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarına görə verginin ödənilməsi xüsusiyyətlərindən asılı olaraq, sadələşdirilmiş vergi kimi “Fərqlənmə nişanı” və “Xüsusi fərqlənmə nişanı” tətbiq edilir. Həmin qaydalara görə, avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını həyata keçirən vergi ödəyicilərinə (Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili sərnişindaşımanı həyata keçirən vergi ödəyiciləri istisna olmaqla) “Fərqlənmə nişanı” və “Xüsusi fərqlənmə nişanı” Nəqliyyat Nazirliyinə həvalə olunub. “Fərqlənmə nişanı” və “Xüsusi fərqlənmə nişanı” alan sahibkarlar sadələşdirilmiş verginin ödəyiciləridir. Bu sahənin tənzimlənməli olan digər vacib elementləri, məsələn, daşıyıcıların maddi-texniki bazası, nəqliyyat vasitələrinin texniki vəziyyəti, sürücülərin və menecerlərin hazırlığı və digər məsələlər isə hələ ki, açıq qalır. Bütün bunlar isə daşıma xidmətlərinin keyfiyyətinə və təhlükəsizliyinə mənfi təsir göstərir. Əgər biz avtomobil nəqliyyatında yük və sərnişin daşımalarının keyfiyyətini yüksəltmək istəyiriksə, hər şeydən əvvəl, bu cür çatışmazlıqların aradan qaldırılmasına nail olmalıyıq. DANX-ın bununla bağlı hazırladığı təkliflər, bir sıra normativ hüquqi aktlara ediləcək dəyişikliklərə dair layihələr aidiyyəti qurumlara təqdim olunub”.
Report