Sərnişindaşıma şirkətləri sektorda vəziyyətin günbəgün ağırlaşması və dövlət dəstəyinin verilməməsi ilə bağlı Prezidentə müraciət hazırlayıb.
Müraciətdə bildirilib ki, Bakı şəhərində və ətraf qəsəbələrdə müntəzəm marşrut xətləri üzrə xidmət göstərən daşıyıcı şirkətlər üzləşdikləri vəziyyətlə bağlı dəfələrlə aidiyyəti dövlət qurumlarına müraciətlər etsə də, heç bir nəticəsi olmayıb. Əksinə, Bakıda ictimai nəqliyyatın vəziyyəti daha da pisləşib, bu istiqamətdə xidmət göstərən şirkətlərin borclanması kəskin artıb və faliyyətlərini davam etdirməsi çətinləşib: “3 ilə yaxın davam edən pandemiya və pandemiya dövründə ictimai nəqliyyatın fəaliyyətinin düzgün tənzimlənməməsi Bakı şəhərində avtomobilləşmə və taksilərin sayının kəskin artmasına və ictimai nəqliyyat sektoruna ağır zərbə vurulmasına gətirib çıxarıb. Mövcud vəziyyət, daşıyıcı şirkətlər tərəfindən aidiyyəti qurumlara, eləcə də Nazirlər Kabinetinə dəfələrlə edilmiş müraciətlərin cavabsız qalması vəziyyətin daha da ağırlaşmasına gətirib çıxarıb. Artıq böhran vəziyyətində olan şirkətlərin təchizatçılar tərəfindən məhkəmələrə verilir”.
Daşıyıcı şirkətlər bildiriblər ki, 3 aydan artıqdır Bakı və şəhər ətrafında nəqliyyat problemlərinin həlli ilə bağlı Nazirlər Kabinetində yüksək səviyyəli görüşlər keçirilsə və müvafiq komissiya (işçi qrup) təşkil edilsə də, bunun hər hansı nəticəsi olmayıb. Belə ki, işçi qrupu problemlərin operativ həlli məqsədilə çıxış yolları tətbiq etməyib: “Nazirlər Kabinetində bütün qurumların nümayəndələrindən ibarət işçi qrup yaradılsa da, bu komissiyanın gördüyü işlər məlum deyil. Nəticədə ictima nəqliyyat sahəsində fəaliyyət göstərən şirkətlərin borclanması, nəqliyyat vasitələrinin sayının günbəgün azalması sektoru ağır vəziyyətə salıb. Nazirlər Kabinetində ictimai nəqliyyatın dirçəldilməsi ilə bağlı müvafiq tapşırıqlar verilsə də, bu istiqamətdə iş görülməyib”.
Şirkətlər dövlət dəstəyi olmasa, Bakı şəhərində ictimai nəqliyyatın vəziyyətinin daha da pisləşəcəyini əlavə ediblər: “Bu günədək etdiyimiz bütün müraciətlər cavabsız qalıb. İctimai nəqliyyatda mövcud olan vahid tariflə ölkədəki və dünyadakı bazar reallıqları arasında kəskin fərqlər yaranıb. Bu müraciətlə bağlı şirkətlərdən 2022-ci ilin proqnoz göstəriciləri tələb olunub və tərəfimizdən icra edilib. 3 ilə yaxındır davam edən pandemiya sərnişindaşıma şirkətlərinə ciddi zərbə vurmuş, əhalinin sosial və iqtisadi aktivliyinin azalması sərnişin axınının kəskin azalmasına və gəlir imkanlarımızı minimuma endirməklə böyük maliyyə itkisinə səbəb olub”.
Qeyd edək ki, son illərdə avtobusların ehtiyat hissələri 3 dəfəyədək bahalaşıb. Dövlət tərəfindən daşıyıcı şirkətlərə dövlət tərəfindən dəstək məqsədilə ayrılan vəsait olan 7.5 milyon manat Bakı Nəqliyyat Agentliyinin hesabına köçürülüb və vəsaitin hamısı “Bakubus” MMC-yə verilib. Halbuki Nazirlər Kabinetinin qərarında həmin vəsaitin sərnişindaşıma fəaliyyəti göstərən hüquqi şəxslər arasında bölüşdürülməsi tapşırılıb.