Avropa İttifaqı (Aİ) Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrini birləşdirəcək yeni əməkdaşlıq formatı yaradır.
Avropa mediasının məlumatına görə, bu gün Lüksemburqda keçiriləcək toplantıda yeni platformanın əsası qoyulacaq.
Yeni formatın iştirakçıları arasında Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan, Moldova, Türkiyə və Ukrayna yer alacaq. Toplantıda əsas müzakirə mövzusu kimi Orta Dəhliz ön plana çıxacaq.
Avropa İttifaqı rəsmiləri bildiriblər ki, Lüksemburqdakı sammit “Şərq Tərəfdaşlığı” proqramının əvəzlənməsi istiqamətində dönüş nöqtəsi ola bilər. Yeni diplomatik format ticarət, enerji, rəqəmsal inkişaf və nəqliyyat əlaqələrinin gücləndirilməsini hədəfləyir.
Aİ-nin Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Eduards Stiprais “Azadlıq Radiosu”na açıqlamasında deyib ki, görüşdə əsas diqqət “Global Gateway” təşəbbüsü çərçivəsində toplanan vəsaitlərin istifadəsinə yönələcək:
“Pul var, əsas məsələ siyasi qərarların qəbuludur. Çünki bu layihə bir neçə sərhədi kəsişir və bu ölkələr 30 ildir suverenliklərini möhkəmləndirməyə çalışırlar”.
O bildirib ki, Aİ bu layihədə Çin və Rusiya ilə simvolik rəqabətdə olsa da, bölgədə “hamı üçün yer var”:
“Bizim üstünlüyümüz sərmayələrin keyfiyyətində və şəffaf şərtlərlə həyata keçirilməsindədir”.
Xatırladaq ki, bu ilin aprelində Özbəkistanın Səmərqənd şəhərində Aİ–Mərkəzi Asiya sammiti keçirilmişdi. Həmin sammitdə Brüssel Orta Dəhlizin inkişafı və iqtisadi islahatlar üçün milyardlarla avro dəyərində investisiya vəd etmişdi. Qazaxıstan və digər regional dövlətlər bu marşrutu iqtisadi asılılığın azaldılması və Qərblə əlaqələrin gücləndirilməsi üçün mühüm addım kimi görür.
Qazaxıstanın Aİ və NATO-dakı səfiri Roman Vasilenko bildirib ki, hazırda layihənin texniki-iqtisadi əsaslandırılması hazırlanır və Avropa Yenidənqurma və İnkişaf Bankı Aktau limanının modernləşdirilməsinə 35 milyon avro kredit ayırıb.
“Şərq Tərəfdaşlığı” proqramı rəsmi olaraq 2009-cu il mayın 7-də Avropa İttifaqının Praqadakı sammitində qüvvəyə minib. Proqram MDB ölkələri ilə münasibətlərinin yaxşılaşdırlmasına yönəldilmiş təşəbbüsüdür. “Şərq tərəfdaşlığı” Avropa İttifaqının altı qonşu ölkəsini əhatə edir: Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova, Belorusiya və Ukrayna.