10 C
Baku
Thursday, December 12, 2024

Sərt tənqidə qarşı dayanıqlı olmağın yolu

Çoxumuz həyatımızda insanlarla qurduğumuz münasibətlərdə bir sıra xoşagəlməz hallara rast gəlib. Birdən iş görüşməsində, gəzintidə və ya gördüyümüz işinin qiymətləndirilməsi zamanı psixikamıza güclü zərbə vuran sözlər eşidirik. Biz insanlar arasında onlayn-sorğu keçirərək, onların tənqid edildiyi halları nəzərdən keçirtdik. 

Bəzi rəylər həddindən artıq kobud idi (“İşdən çıxmağı düşün. Mənə zəiflər yox, döyüşçülər lazımdır” və “Siz hər şeydə haqlı olmaq istəyirsiniz. Siz başqalarını idarə etməyə çalışırsınız, onların taleyi sizin vecinizə deyil”). Digərləri o qədər də emosional olmasa da, insanlara təsir göstərirlər (“Özünüzü idarə edə bilmədiyiniz zaman ətrafınızda olan insanlar özlərini alçaldılmış kimi hiss edirlər” və “Siz elektron məktubları yazmağı öyrənməlisiniz, məktubda faktları qeyd etməlisiniz. Sizin yazdığınız məktublar çox yumşaq tərzdə yazılıb”). 

Respondentlərin bir çoxu bu kimi dialoqları xatırlamaq istəmirdi, belə ki, on il bundan əvvəl yaşadıqları hadisələrlə bağlı olan mənfi təəssüratlar yenə beyinlərində canlanırdı. Mən özüm də bu hissi dəfələrlə yaşamışam. Həyatımda xoşagəlməz hadisələrdən biri, iş yoldaşımın mənim yazdığım elektron məktubdan narazı qalaraq məni “axmağın biri axmaq” adlandırması olmuşdur. Bunu xatırlayanda hava çatışmazlığı və güclü bir qorxu hiss edirəm. 

Əslində, sərt və nisbətən daha yumşaq bir tənqid arasında heç bir fərq yoxdur, onların hər iksi insana mənfi təsir göstərir. 

Məni bir fakt da təəccübləndirdi: tənqidə aqressiya ilə cavab verənlərin sayı çox deyildi. Respondentlərin 90% öz hisslərini “təəccübləndim”, “şok oldum” , “donub qaldım” və s. sözlərlə ifadə etdi. Sorğuda iştirak edənlərin cəmi 15% tənqidə aqressiv cavab verib: qəzəb, xəyanət və ya aqressiya. 

Belə çıxır ki, insanın gördüyü işdə nöqsan tutmaq ilə onu tənqid etmək arasında heç bir fərq yoxdur. Niyə? Çünki hamımız həqiqətdən qorxuruq, başqalarının bizi qəbul etməsini istəyirik. Tənqid bizi zədələyir, çünki psixoloji ehtiyacları təhlükə altına salmış olur: təhlükəsizlik (fiziki, sosial və ya maddi) və dəyərli olmaq (özünəhörmət, özündən razı olmaq) ehtiyacı. 

Təhlükəsizlikdən başlayaq. Bəzən tənqid maliyyə təhdidi (“Mən səni işdən çıxaracağam”), münasibətlərə təhdid (“Səni tərk edib gedəcəyəm”) və ya hətta fiziki təhdid (“Səni vuracağam”) deməkdir. Bu hallarda qorxu – tənqidə verdiyimiz reaksiyadır. Çox vaxt tənqidə cavab olaraq göstərdiyimiz aqressiya, bizim üçün daha təhlükəli olur. 

İndi isə dəyərlər haqqında danışaq. Əgər həqiqət bizə fayda verirsə, niyə qorxu, qəzəb və ayıb kimi hisslər keçiririk? Çünki biz elə düşünürük ki, bu və ya digər işi yaxşı yerinə yetirə bilmirik, çoxda uğurlu deyilik, nələrəsə layiq deyilik və s. 

Sorğu iştirakçılarının bir çoxu niyyətin vacibliyindən danışdı. Düzünü desək, bizi tənqid edən insanın niyyəti o qədərdə əhəmiyyətli deyil. Əslində, əksəriyyətimiz sadəcə olaraq bizdən daha nüfuzlu olan insanların razılığını qazanmaq istəyir. 

Əvvəllər elə düşünürdüm ki, insanlar düzgün tənqid etməyi öyrənməlidirlər. Lakin indi bilirəm ki, səhv düşünürmüşəm. Bütün diqqəti “düzgün” tənqidlərə yönəltməkdənsə, hamımız həqiqəti görməyi öyrənməliyik (onun necə təqdim olunmasından asılı olmayaraq). 

İnsanlar bunu edə bilərlər, özüm də dəfələrlə şahidi olmuşam. Onlar öz təhlükəsizliyi və dəyələri üçün məsuliyyət daşıyırlar. Son üç ildə mən “Digər tərəf” (TOSA) qeyri-kommersiya akademiyasında işləmişəm. TOSA məhbuslar, alkoqol və narkotik asılılığından əziyyət çəkən təxminən yüz nəfər kişi və qadın tərəfindən yaradılıb. Onların əsas şüarı belədir: “Həqiqətlə tanışlıq –xoşbəxtliyə aparan yoldur”. 

Həftədə iki dəfə TOSA iştirakçıları “Oyunlar” adlı məşğələlər keçirilər, burada əsas məqsəd onların bir-biri ilə əks əlaqə qurmaqdır. Bəzən onlar çox uca səslə danışıqlar və kobud ifadələrdən istifadə edirlər. Bir iştirakçı 20-25 dəqiqə ərzində diqqət mərkəzində ola bilir. Bu müddət ərzində onlarla insan onu müzakirə edir. Əsas məqsəd insana “oyunu qəbul etməyi” öyrətməkdir. 

Bəzi iştirakçılar bu “Oyun” zamanı özlərini müdafiə etməyə çalışırlar: bütün ittihamları rədd edərək heç nə eşitmək istəmədiklərini deyirlər. Bu insanlar başa düşürlər ki, təhlükəsizlik onların öz əlindədir.  Əks əlaqə həqiqət, yalan və ya həqiqət və yalanın qarışığı ola bilər. Bu, sizi incidə bilər. Lakin həqiqəti öyrənməsəniz, hiss etdiyiniz ağrı daha güclü olacaq. 

Tənqidə qarşı daha dayanıqlı olmaq istəyirsinizsə, gələn dəfə aşağıdakı dörd addımı sınaya bilərsiniz. 

  • Özünüzü toplayın. Dərin və asta nəfəs alın, bu sizə sakitləşməyə kömək edəcəkdir. Siz fiziki olaraq özünüzü müdafiə etməli deyilsiniz. Həmin an keçirdiyiniz hissləri izləyin. Siz qorxursunuz, utanırsınız, yoxsa çəkinirsiniz? Bütün diqqətinizi bu kimi sadə duyğulara yönəltsəniz, qəzəb, ehtiyat və qorxu kimi hissələrə qalib gələcəksiniz. Bəziləri özlərinə onları sakitləşdirə biləcək həqiqətləri xatırlatmağa başlayırlar: “Bu mənə zərər verməyəcək. Heç bir təhlükə yoxdur” və ya “Mən səhvə yol verdim, amma bu o demək deyil ki hər zaman səhv edirəm”. 
  • Başa düşməyə çalışın. Suallar verin, nümunələr tələb edin və sonra sadəcə dinləyin. İnsanların sizin haqda nə düşündüyü və ya danışdığı vacib deyil. Təsəvvür edin ki, söhbət sizdən yox, başqa bir insandan gedir. Özünüzü yaxşı reportyor kimi aparın. 
  • Özünüzə gəlin. Bu mərhələdə müzakirədən çıxmağınız məqsədəuyğundur. Düşünün, sonra cavab verin. Baş verənləri hiss edin və qiymətləndirmə aparmazdan əvvəl özünüzə sakitləşmək üçün vaxt verin. TOSA iştirakçıları deyirlər: “Mən bunu nəzərə alacağam”. Onlar tənqidlə razılaşmırlar. Mübahisə etmirlər. Onlar sadəcə özlərinə uyğun olan bir rejimdə bu haqda düşünməyi söz verirlər. Siz özünüzü vəziyyətdən çıxarmaq üçün deyə bilərsiniz: “Mən hər şeyi düzgün başa düşməliyəm, bu mənim üçün önəmlidir. Mənə vaxt lazımdır. Tez bir zamanda gəldiyim nəticələri sizinlə bölüşəcəyəm”. 
  • İştirak edin. Eşitdiyiniz fikirləri dərindən tədqiq edin. Əgər vəzifələrinizi yaxşı yerinə yetirirsinizsə, həqiqəti tapmağa çalışacaqsınız. Əgər əks əlaqənin 90% heç bir əsası olmayan fikirlərdən ibarətdirsə, diqqətinizi qalan 10% üzərində cəmləşdirin. Hər bir sözdə bir həqiqət var, çalışın o həqiqəti axtarıb tapasınız. 

Beləliklə, eşitdiyimiz tənqidlərin nəticəsi kimi çəkdiyimiz əzablar daha dərin bir problemin simptomudur. Bunu qəbul edib həlli yolunu tapanlar, tədricən həyatın çətinliklərinə qarşı daha dözümlü və dayanıqlı olurlar. 

Son xəbərlər
Digər xəbərlər