Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Səudiyyə Ərəbistanı Krallığının Baş İnvestisiya Qurumu (SAGİA) arasında “İkitərəfli investisiya əlaqələrinin genişləndirilməsi üzrə çərçivə əməkdaşlığı Proqramı” imzalanıb. Sənəddə investisiya sahəsində əlaqələrin genişləndirilməsi və bununla bağlı görüləcək tədbirlər öz əksini tapıb.

Müştərək Komissiya çərçivəsində fəaliyyət göstərən Azərbaycan-Səudiyyə Ərəbistanı əməkdaşlığı üzrə işçi qrupun növbəti iclasında çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri, işçi qrupun həmsədri Orxan Məmmədov iki ölkənin işgüzar dairələri arasında əməkdaşlıq barədə məlumat verərək vurğulayıb ki, 2017-ci ildə işçi qrupun Ər-Riyad şəhərində keçirilmiş iclasında “Made in Azerbaijan” brendinin təbliği məqsədilə Səudiyyə Ərəbistanı Krallığına ixrac missiyalarının təşkili, birgə müəssisələrin təsis edilməsi, iş adamlarının iştirakı ilə “dəyirmi masa”ların təşkili barədə razılıq əldə edilib. Ötən ilin oktyabrında Agentliyin nümayəndə heyətinin Səudiyyə Ərəbistanına səfəri çərçivəsində biznes nümayəndəri ilə qarşılıqlı maraq doğuran faydalı işgüzar müzakirələr aparılıb, əməkdaşlıq haqqında memorandum imzalanıb.