Səudiyyə Ərəbistanı Çinə neft tədarükünə görə Rusiyanı keçib. Belə ki, 2020-ci ildə Rusiya Çinə neft tədarük həcmini 2019-cu illə müqayisədə 7.6% (83.57 milyon ton) artırsa da, ərəb ölkələrinin liderini keçə bilməyib.
Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir ki, Çin Gömrük Xidmətinin verdiyi məlumata görə, 2020-ci ildə Səudiyyə Ərəbistanı Çinə 84.92 milyon ton neft tədarük edib ki, bu da keçən illə müqayisədə 1.9% çox olub.
Dekabr ayında Səudiyyə Ərəbistanının Çinə neft tədarükü 6.94 milyon ton təşkil edib ki, bu da 2019-cu ilin dekabrı ilə müqayisədə 0.8% az olub. Rusiyanın neft tədarükü isə 15.7% – 6.2 milyon ton azalıb.
Qeyd edək ki, koronavirus pandemiyasına baxmayaraq, 2020-ci ildə Çinin ümumi neft tədarükü 7.3% artaraq rekord 542.4 milyon tona çatıb (gündə 10.85 milyon barel).
ABŞ sanksiyaları Çinə İran və Venesueladan neft ixracını faktiki olaraq dayandırıb. Mövcud vəziyyətdən ən çox İraq faydalanıb: 2020-ci ildə İraqdan Çinə neft ixracatı 16.1% artaraq 60.12 milyon tona çatıb. Eyni zamanda, Braziliya da Çinə ixracatı artıraraq ölkənin dördüncü ən böyük tədarükçüsünə çevrilib (42.19 milyon ton).
Bununla yanaşı, amerikan neftinin Çinə ixracatı 2020-ci ildə üç dəfədən çox artıb və 19.76 milyon tona çatıb.