Dünyanın ən böyük neft istehsalçısı və ehtiyatları olan “Saudi Aramco” şirkəti, mart ayı üçün Asiya bazarındakı müştərilərə bütün neft növlərinin çatdırılma qiymətlərini qaldırıb.
Bu barədə şənbə günü “Bloomberg” məlumat yayıb.
Məlumatda bildirilir ki, “Saudi Aramco” Asiya ölkələri üçün “Arab Light”ın qiymətini fevral ayı ilə müqayisədə 60 sent artırıb. Beləliklə, neftin bu növü üzrə mükafat bir barel üçün 2,8 dollar təşkil edəcək ki, bu da 2020-ci ilin martından bəri ən yüksək göstəricidir.
“Saudi Aramco” həmçinin Asiya üçün neftinin digər növlərinin bir barelə olan qiymətini 0,4 – 0,7 dollar artırıb. Səudiyyə Ərəbistanı hər ayın əvvəlində istehlakçıların müraciətləri əsasında çatdırılma cədvəli hazırlayır.
Xatırladaq ki, fevralın 2-də görüşdən sonra OPEC+ ölkələrinin nazirləri mart ayında neft hasilatını sutkada 400 min barel artırmağa davam etmək qərarına gəliblər. Bu templə OPEC+ sazişində iştirak edən ölkələr 2021-ci ilin avqust ayından hasilatı bərpa edir, lakin neft bazarındakı qeyri-müəyyənliyi nəzərə alaraq, hər gələn ay üçün bu planı təsdiqləyirlər. Belə ki, 2022-ci ilin yanvarında OPEC+ ölkələri neft hasilatını sutkada 3,359 mln. barel, fevralda isə 2,959 mln. barel azaltmalı idilər.