Səudiyyə Ərəbistanı alıcılara nefti Qırmızı dənizdəki Yanbu limanı vasitəsilə almağı təklif edib

Səudiyyə Ərəbistanı uzunmüddətli müqavilələr üzrə alıcılara apreldə nefti Yanbu limanı vasitəsilə almağı təklif edib. Beləliklə, ölkə Hörmüz boğazında mümkün uzunmüddətli fasilələrə hazırlaşır.

“Saudi Aramco”nun göndərdiyi bildirişlərlə tanış olan treyderlərin sözlərinə görə, Yanbu variantını seçən müştərilər adi aylıq həcmlərin yalnız bir hissəsini ala biləcəklər. Bunun səbəbi ölkənin neft yataqlarını bu limanla birləşdirən boru kəmərinin məhdud ötürmə qabiliyyətidir.

Dünyanın ən böyük neft ixracatçısı olan “Aramco” ötən ay — boğaz İran tərəfindən faktiki blokadaya alınmazdan əvvəl — gündə təxminən 7,2 milyon barel neft ixrac edib. Bu həcmin əsas hissəsi Fars körfəzi sahillərində yerləşən Ras-Tanura və Cuayma terminalları vasitəsilə göndərilirdi. Səudiyyə Ərəbistanında ölkə boyu uzanan və nefti Qırmızı dənizə çıxaran gündəlik təxminən 5 milyon barel gücündə boru kəməri mövcuddur, lakin treyderlərin qiymətləndirməsinə görə, Yanbu limanının imkanları bu səviyyədən aşağı ola bilər.

Adətən Səudiyyə nefti uzunmüddətli müqavilələr üzrə satılır və əsasən Asiyaya göndərilir. Tədarüklərdəki fasilələr fonunda Çinin ən böyük emal şirkətlərindən biri olan “Sinopec” xammal çatışmazlığını kompensasiya etmək üçün neft emalı zavodlarının yüklənməsini təxminən 10% azaldıb. Yaponiya isə strateji ehtiyatlardan neft istifadə etməyə başlayıb.

“Aramco”nun təklif etdiyi variantlar Yaxın Şərqdəki münaqişə və Hörmüz boğazının nə vaxt açılacağı ilə bağlı qeyri-müəyyənliyi əks etdirir. ABŞ prezidenti Donald Trampın müharibənin başlanmasının səbəbləri barədə açıqlamaları ziddiyyətli olaraq qalır və həm Vaşinqtonun müttəfiqləri, həm də rəqibləri münaqişənin nə vaxt bitəcəyini anlamır. Bu arada Iran hələlik güzəştə getməyə hazır olduğunu göstərmir.

Müharibənin üçüncü həftəsi davam etdiyi müddətdə “Aramco” Yanbu vasitəsilə göndərişləri tədricən artırır. Şirkət həmçinin qeyri-adi addım ataraq bu limandan yüklənəcək neft partiyalarını spot tenderlərə çıxarıb. Lakin Qırmızı dəniz terminalı vasitəsilə müqavilə tədarüklərinin təklif olunması ilk dəfə baş verir.

İxtisarlar yalnız Asiya alıcılarına təsir etməyib. Bəzi Avropa neft emalı zavodları bildiriblər ki, növbəti ay üçün “Aramco”dan müqavilə üzrə daha az həcmdə neft alıblar. Bir böyük emalçı ümumiyyətlə tədarük almayıb, digərinə isə tələb etdiyindən daha az həcmdə neft ayrılıb.

Son xəbərlər
Digər xəbərlər