Fevralın 1-dən etibarən Səudiyyə Ərəbistanı maliyyə bazarını xarici investorlar üçün açacaq və onlara birbaşa investisiya yatırmaq imkanları yaradacaq.
Bu addım Krallığın maliyyə bazarı tarixində ən mühüm tənzimləyici dəyişikliklərdən biri hesab olunur. Kapital Bazarı İdarəsi yeni tənzimləyici çərçivəni təsdiqləyib. Yeni qayda qeyri-rezident xarici sərmayədarların əsas bazara birbaşa daxil olmasına imkan verir.
Təsdiqlənmiş tənzimləyici dəyişikliklər investor bazasının genişləndirilməsi və şaxələndirilməsi, xarici kapital axınlarının dəstəklənməsi, bazarda likvidliyin artırılması məqsədi daşıyır. Bu isə Səudiyyə Ərəbistanı maliyyə bazarının dünyanın ən yaxşı 10 maliyyə bazarı sırasında yer alması hədəfləri ilə uyğunluq təşkil edir.
Qurum qəbul edilən dəyişikliklər çərçivəsində “ixtisaslı xarici investor” anlayışını ləğv edib, həmçinin qeyri-rezident xarici investorlara yalnız iqtisadi faydalar əldə etməyə imkan verən svop (mübadilə) sazişləri üzrə tənzimləyici çərçivənin tətbiqini dayandırıb. Bununla da əsas bazarda siyahıya alınmış səhmlərə birbaşa investisiya üçün yol açılıb.
Məlumata görə, 2025-ci ilin üçüncü rübünün sonunda Səudiyyə Ərəbistanının maliyyə bazarında beynəlxalq investorların mülkiyyəti 590 milyard riyaldan çox (160 milyard dollara yaxın) olub. Əsas bazardakı beynəlxalq investisiyaların həcmi isə təxminən 519 milyard riyala (təxminən 138 milyard dollara yaxın) çatıb ki, bu da 2024-cü ilin sonundakı 498 milyard riyalla (133 milyard dollara yaxın) müqayisədə artım deməkdir. Gözləntilərə əsasən, yeni tənzimləyici dəyişikliklər qarşıdakı dövrdə əlavə xarici kapital axınlarının cəlb edilməsinə töhfə verəcək.
Qərarın icrasına başlanması qurumun son illərdə tətbiq etdiyi mərhələli yanaşmanın davamı kimi qiymətləndirilir. Bu yanaşmanın mühüm mərhələlərindən biri 2025-ci ilin iyul ayında bəzi xarici investor kateqoriyaları üçün investisiya hesablarının açılması və idarə olunması prosedurlarının asanlaşdırılması olmuşdu.







