Səudiyyə Ərəbistanının hakimiyyəti spirtli içkilərin satışına dair sərt məhdudiyyətləri yumşaldıb. Spirtli içki almaq üçün xarici vətəndaş olmaq, müəyyən gəlir səviyyəsinə malik olmaq, Səudiyyə Ərəbistanında yaşamaq tələb olunur. Bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Agentliyin mənbələrinin məlumatına görə, spirtli içki almaq istəyən xarici vətəndaşlar aylıq gəlirlərinin ən azı 13,3 min dollar olduğunu təsdiq edən arayış təqdim etməlidirlər. Bu arayışla spirtli içkini yalnız ölkədəki ilk və hələlik yeganə mağazadan almaq mümkündür. Həmin mağaza 2024-cü ildə Ər-Riyadın diplomatik kvartalında açılıb. Əvvəllər burada yalnız xarici diplomatlar və müsəlman olmayan ölkələrin səfirlik əməkdaşları alış-veriş edə bilirdilər. İndi isə alıcıların dairəsi genişləndirilib, lakin bu barədə ictimaiyyətə geniş məlumat verilməyib. Bundan başqa, “Bloomberg” daha əvvəl ölkənin iki başqa şəhərində daha iki spirtli içki mağazasının tikildiyini xəbər vermişdi.
Səudiyyə Ərəbistanında spirtli içkilərin satışı və istifadəsinə qadağa 1952-ci ildən qüvvədədir. 2025-ci ilin mayında bəzi KİV-lər hakimiyyətin guya bu qadağanı ləğv etməyi planlaşdırdığı barədə məlumat yaymışdılar. Lakin ölkə rəhbərliyindəki mənbələr bu məlumatları təkzib ediblər.







