7 C
Baku
Thursday, December 12, 2024

Səudiyyəli nazir: Neft tələbatı artır

Bazarda neftə olan tələbat artır.

Bu barədə Rusiya Enerji Həftəsində Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Əl Falih deyib.

“ABŞ-dakı şist neftinin gələn il bazara daha çox daxil olması bizi narahat etmir. Çünki bazarda neft tələbatı artır. Bazar özü bunu tənzimləyə bilər”, – deyə nazir bildirib.

O qeyd edib ki, Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və kartelə daxil olmayan ölkələrlə əldə edilən neft hasilatının azaldılmasına dair saziş nəticəsində neft bazarında tarazlıq təmin edilib: “Rusiya və Səudiyyə Ərəbistanı arasında qlobal neft təklifi ilə bağlı əldə edilən razılaşmalar da bazarda sabitliyin yaranmasına kömək edib. Neft hasilatının azaldılması qlobal iqtisadiyyata öz təsirini göstərib. Bu, rəqəmlərdə də öz əksini tapıb. Qlobal bazarda neft tələbatı var və 2018-ci ildə də belə olacağını düşünürəm. Neft hasilatının azaldılmasında iştirak edən 24 ölkənin birgə səyləri nəticəsində tələbatda tarazlığın yaranması OPEC-ə də öz müsbət təsirini göstərdi”.

Xatırladaq ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. Bu il mayın 25-də OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində OPEC-ə üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunub.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər