Müəllif: Embawood: Strateji İdarəetmə Qrupunun rəhbəri və Qafqaz Universiteti Marketinq müəllimi Cəbrayıl Vəliyev
Yeni texnologiyaların yaratdığı fürsətlər çoxşaxəlidir. Bu yazımda istədim bu fürsətlərdən birinin üzərində dayanım. Yeni texnologiyaların inkişafı və həyatımıza daxil olması hər bir sahədə həm yeni fürsətlər və təbii ki, bunun da yanında həm də təhditlər meydana çıxarmışdır. Elə buna görə də yeni texnologiyaların inkişafı nəticəsində bilavasitə və dolayı olaraq yaranan anlayışlara qarşı da ziddiyətli baxışlar mövcuddur.
Yeni texnologiyaların inkişafı ilə meydana çıxan və həyatımıza daxil olan, bu və ya digər şəkildə həyatımıza təsir edən bu “fürsət” və ya “təhditlər “dən başlıcası sosial medya vasitələri olan sosial şəbəkələrdir. Artıq həyatın bütün sahələrində: siyasi, iqtisadi, sosial, mədəni, bədii yaradıcılıq, elm və təhsil və s. sahələrdə sosial şəbəkələrin rolu, təsiri və gücü danılmazdır. Bəli bu güc müəyyən qisim insanlar üçün fürsət, digər qisim üçün isə təhdit olaraq görülür. Və ya eyni təbəqə üçün bəzən təhdit, bəzən isə fürsət olaraq dəyərləndirilir və bu istiqamətdə də istifadə edilir.
Çox uzun olmasın deyə buradan mətləbə keçmək istəyirəm…
Mənim bu yazıda bəhs edəcəyim mövzu Şəxsi brendinqdə reallıq və virtuallıq mövzusudur. Əvvəlcə onu deyim ki, şəxsi brendinqi sadəcə iş dünyası ilə çərçivələməyin doğru olmadığını düşünürəm. Hər bir sahədə insanlar öz şəxsi brendinqi üzərində işləyə bilər, gücləndirə bilərlər. Yuxarıda bəhs etdiyim kimi, sosial medyadan əvvəlki dövrdə müxtəlif sahələrdə tanınmış insanlar təbii ki olmuşdur və bir növ bu insanlar müxtəlif sahələrdə “brend” xüsusiyyətinə malik olmuşlar. Ancaq indiki zəmanədə brendinqdə danılmaz rola malik olan sosial medya və sosial şəbəkələrdir. Təbii burda bir nüansa da toxunacağam. Sadəcə sosial medya və sosial şəbəkələrdə brendinq fəaliyyəti isə “virtual brendinq” fəaliyyəti buna sahib olanlar isə “virtual brend” olaraq qalacaqdır. Məhz bu virtual brendlər biraz əvvəl bəhs etdiyim kimi həm ümumi olaraq toplum üçün, həm də real fəaliyyətləri ilə brend olmuşlar üçün bir təhditdir.
Sosial şəbəkələrə tənqidi baxış mövqeyinin bir şaxəsi budur və məncə də normal və həqiqətdir. Bunun qarşısını almaq üçün isə yeganə yol ikincilərin, real fəaliyyət sahiblərinin bu fürsəti dəyərləndirərək meydanda yer almalarıdır! Əgər indiki zəmanədə yeni texnologiyaların yaratdığı bu fürsətlər dəyərləndirilməzsə fürsət olmaqdan çıxıb təhdidə çevriləcəkdir. Elm adamı öz yeniliyini artıq ənənəvi yollardan başqa yeni fürsətlərdən istifadə edərək də yaymalı, eyni şəkildə yazıçı, şair və biznes məsləhətçi də həmçinin…
Eyni zamanda virtual aləmdə şəxsi brendinqə sahib olmaq istəyənlər üçün də real göstəricilər olmalıdır: Bu bir şair üçün şeir kitabı, yazıçı üçün nəşr olunmuş roman, bloqqer üçün yenə nəşr olunmuş kitab, biznes məsləhətçi üçün sadəcə yazmaqla deyil, iş həyatında təlim, seminar, konfrans və konsultasiyalarla tədbiq olunan real fəaliyyətlər olmalıdır.
Qısaca sosial medyada və sosial şəbəkələrdə həqiqi fəaliyyətlərə imza atmış reallıqlar daha çox rəğbət qazanacaq (qazanmalıdır) və digər tərəfdən sosial medya və sosial şəbəkələrin gücündən istifadə edən real fəaliyyətlər daha çox uğur əldə edəcəkdir…
Bu yazı növbəti yazıma bir giriş xarakterində oldu… Növbəti yazıda Şəxsi brendinqdə sosial medya vasitələri haqqında bəhs edəcəyəm…
Uğurlar diləyi ilə…