-1 C
Baku
Sunday, December 15, 2024

Şəxsiyyət və müvəffəqiyyət: nəvazişli olmaq sərfəlidirmi?

Xoşagəlməz şəxsiyyətlər bir çox çalarda olsa da, başqalarını şəxsi mənfəət üçün istismar etmək meyli onları birləşdirən əsas cəhətdir. Bəs bu insanlar əslində nəyə nail olmağa çalışırlar? Həyata və ətrafınızdakı insanlara qarşı nəvazişli olmaq sərfəlidirmi?

Biz tədqiqatçı olaraq bu xüsusiyyətləri araşdırdıq. Lakin insanların qaranlıq xüsusiyyətlərinə dair geniş ədəbiyyatı tarazlaşdırmaq üçün “parlaq” tərəfə – aramızdakı “müqəddəslərə” keçdik. Bu insanlar başqaları ilə maraqlanır və onlarla yaxşı davranılar. Başqa sözlə desək, heç bir məqsəd güdmürlər. Onlar ətrafdakı insanların uğurlarına heyran qalırlar, insani fəzilətə inanırlar və hər kəsin ləyaqətinə hörmət edirlər. Otuz altı mindən çox yetkin iştirakçı ilə apardığımız son araşdırmada bunların ümumi xüsusiyyətlər olduğu təsbit edildi: insanların təxminən 30-50%-i “parlaq” xüsusiyyətləri nümayiş etdirir (xüsusilə qadınlar).

Biz “qaranlıq” və ya “parlaq” şəxsiyyət profilinə sahib olan insanların uzunmüddətli perspektivdə uğur və xoşbəxtlik əldə edib-etmədiklərini öyrənmək istədik. Tez-tez “yaxşı oğlanların finişə hamıdan gec çatdığını” eşidirik və ilk baxışdan bu fikir doğru görünür. Belə ki, enerjinizi başqalarına qayğı göstərməyə sərf edirsinizsə, hamıdan geri olmağınız təəccüblü deyil. İşdir, başqalarının hisslərini nəzərə almadan insanları istismar etməyə və aldatmağa hazırsınızsa, zirvəyə daha sürətli qalxırsınız. Bəs araşdırmalar bunu təsdiq edirmi?

Eksperimental tədqiqatlar qaranlıq şəxsiyyətin “müvəffəqiyyətli” olması fikrini yalnız qismən dəstəkləyir. Məsələn, araşdırmaların birində psixopatik xüsusiyyətlərə malik olan insanların tərəfdaşla rəqabət etmək lazım olduqda daha yaxşı nəticə göstərmələri aşkar edildi. Və əksinə – əməkdaşlıq tələb edildikdə nəticə pisləşir. Bundan əlavə, qaranlıq xüsusiyyətlərə malik olan insanların klassik “məhkum dilemmasında” tərəfdaşına xəyanət etməsi ehtimalı daha yüksəkdir. Bu vəziyyətdə şəxsi nəticə digər iştirakçını aldatmaq yolu ilə əldə edilir.

Lakin onların real həyatda qazandıqları uğurlar sual altındadır. Qaranlıq şəxsiyyət xüsusiyyətlərinə sahib olan insanların korporativ mühitdə lider olma ehtimalı daha çoxdur, çünki adətən onlar xarizmatik olurlar. Bununla belə, real işə gəldikdə, bir qayda olaraq, zəif oyunçuya çevrilirlər. Son araşdırmamız da qaranlıq şəxsiyyət xüsusiyyətlərinə sahib olan siyasətçilərin seçilmək və mövqelərini qorumaq ehtimalının daha yüksək olduğunu göstərsə də, bu cür insanlar qanunların qəbul edilməsi sahəsində daha zəifdirlər. Ümumilikdə, qaranlıq şəxsiyyət xüsusiyyətləri olan insanlar çox vaxt işdə məhsuldar olmurlar – oğurluq və qarşılıqlı təhqirə qədər gəlib çıxırlar. Bu səbəbdən onların orta əmək haqqının xoş xasiyyətli həmkarların qazançıdan yüksək olmaması təəccüblü deyil.

Üstəlik, qaranlıq şəxsiyyət xüsusiyyətlərinə sahib olan insanlar işdən kənarda da uğurlu deyillər. Onlar həbsxanadan qaçmağı bacarsalar da (“qaranlıq” xüsusiyyətlərə sahib olan insanların həbs olunma ehtimalı daha yüksəkdir), çox vaxt intihar və ya zorakı ölüm riski ilə üzləşirlər. Qeyd edək ki, bu cür insanlar çox nadir halda xoşbəxt olurlar: bir qayda olaraq, zəif özünəgüvən, başqaları ilə ünsiyyət qura bilməmək və digər bu kimi problemlərdən şikayətlənirlər. Yüngül xarakterli insanlar isə əksinə, dolğun həyat yaşayırlar: adətən özləri haqqında daha pozitiv düşünürlər, hər kəslə dil tapmağı bacarırlar və həyatdan məmnundurlar.

Empatiya burada əsas amil kimi götürülür: başqalarının emosional təcrübələri ilə hesablaşmaq qabiliyyəti. “Parlaq” xüsusiyyətlərə malik olan insanlar ətrafdakılara qarşı şəfqət göstərməyə meyllidirlər, “qaranlıqlar” isə – yox. Yeni araşdırmamızda empatiyanın daha dolğun həyata yol açdığını gördük. Başqalarına qarşı mehribanlıq, əməkdaşlıq və mərhəmət hissi daha yüksək rifahla əlaqələndirilir.

İnsanlar – sosial heyvanlardır, əməkdaşlıq və güvən bizim üçün vacibdir. “Qaranlıq” insanlar bundan öz xeyirlərinə istifadə etməyə çalışdıqda, əksinə, zərər çəkirlər. Yəni hiyləgər manipulyasiyalar və digər insanları istismar etmək istəyi onların oturduğu sosial “budağı” kəsir. İlk başlarda ətrafdakılar “qaranlıq” xüsusiyyətləri olanlara inanır, lakin sonra həqiqət üzə çıxır.

İndiyədək bütün insanların iki qrupdan birinə aid olduğu hesab olunub: ya qaranlıq, ya parlaq. Lakin real həyatda üçüncü qrup da var: qarışıq. Belə ki, biz insanların 40%-nin qaranlıq və parlaq xüsusiyyətləri nümayiş etdirdiyini gördük. İlk baxışdan qarışıq qrupun ən yaxşı seçim olduğunu düşünə bilərsiniz. Lakin parlaq fərdlərlə müqayisədə qarışıq şəxsiyyətlər həyatdan daha az məmnundurlar və zəif özünəgüvənə sahibdirlər.

Hansı qrupa aid olduğunuzdan asılı olmayaraq, böyüməyə və dəyişməyə hər kəs qadirdir. Genişmiqyaslı tədqiqatlar şəxsiyyətin həyat boyu dəyişməyə davam etdiyini müəyyən etdi.

Əsas olan dəyişmək istəməkdir. Təəssüf ki, qaranlıq xüsusiyyətlərə sahib olan insanların çoxu özlərini dəyişdirmək istəmirlər. Həyatdan məmnun olmasalar da, yenə başqaları üzərində hökmranlıq etmək, daha çox güc və zənginlik toplamaq ideyasına fokuslanırlar.

Əlbəttə ki, hər birimiz hamını unutmaq və yalnız özünə qayğı göstərmək istəyir. Xüsusilə, başqalarını aldadanın daha uğurlu olduğunu görəndə. Lakin əmin olun ki, bu belə deyil. Biz empatiyanın və ətrafdakı insanlarla qurduğumuz sosial əlaqələrin daha dolğun həyata yol açdığını müəyyən etdik.

Son xəbərlər
Digər xəbərlər