26 C
Baku
Friday, July 5, 2024

Şəxsiyyət vəsiqəsi haqqında nələri bilmirik?

Bildiyiniz kimi, ölkəmizdə vətəndaşların şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir.

Ümumiyyətlə şəxsiyyət vəsiqəsinin 2 növü vardır:

1. 16 yaşına çatanadək vətəndaşa verilən şəxsiyyət vəsiqəsi;
2. 16 yaşına çatdıqdan sonra vətəndaşa verilən şəxsiyyət vəsiqəsi.

16 yaşına çatanadək vətəndaşa verilən şəxsiyyət vəsiqəsində vəsiqənin seriyası və nömrəsi, vətəndaşın soyadı və adı, valideynlərinin soyadı və adı, onun doğulduğu yer və tarix, cinsi, qan qrupu, yaşadığı yer, şəxsiyyət vəsiqəsini verən orqanın adı, verilmə tarixi və şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti göstərilir.

16 yaşına çatdıqdan sonra vətəndaşa verilən şəxsiyyət vəsiqəsində isə bu məlumatlardan başqa vətəndaşın ailə vəziyyəti və hərbi vəzifəsi, boyu, gözlərinin rəngi haqqında məlumatlar, şəxsiyyət vəsiqəsi sahibinin şəxsi imzası və fotoşəkli əlavə edilir, habelə yuxarıda göstərilənlərdən fərqli olaraq, valideynlərinin soyadı və adı əvəzinə atasının adı göstərilir.

Şəxsiyyət vəsiqəsi hansı yaşlarda dəyişilir?

Hər bir müəyyən yaşa çatmış şəxs şəxsiyyətini yeniləməyə borcludur. Belə ki, 25, 35, 50 yaşına çatdıqda və ya vətəndaşın soyadı, adı, atasının adı, yaşayış yeri, ailə vəziyyəti, hərbi vəzifəsi dəyişdirildikdə və ya onun şəxsiyyət vəsiqəsində olan yazılar təhrif edildikdə, şəxsiyyət vəsiqəsi yararsız hala düşdükdə və ya itdikdə vətəndaş şəxsiyyət vəsiqəsini dəyişdirməlidir.

25, 35, 50 yaşına çatdıqda şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi üçün zəruri olan sənədlər:

  • Ərizə-anket ;
  • Şəxsiyyət vəsiqəsinin ksero-surəti (əsli təqdim edilməklə);
  • Dövlət rüsumunun ödənilməsi barədə sənəd;
  • Bir neqativdən eyni ölçüdə çıxarılmış, sifətin papaqsız, gündəlik həyatda ona xas olan xarici görkəm və əlamətlərlə (eynək, saqqal, bığ və s) yalnız öndən görünüşü təsvir edilmiş 3×4 ölçüdə 2 (iki) ədəd rəngli fotoşəkil;
  • Ailə vəziyyəti dəyişdikdə – vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən verilmiş sənədlər (nikahın bağlanması və ya pozulması haqqında şəhadətnamə, ölüm haqqında şəhadətnamə).

Dövlət rüsumunun məbləği:

16 yaşına çatmamış vətəndaşlara şəxsiyyət vəsiqəsi verilərkən dövlət rüsumu alınmır.
16 yaşına çatmış Azərbaycan Respublikasının vətəndaşlarına şəxsiyyət vəsiqələrinin verilməsinə görə:

üç iş günü müddətində verildikdə və ya dəyişdirildikdə – 10 manat
üç iş günündən on gün müddətinədək verildikdə və ya dəyişdirildikdə – 1 manat

 Qeyd: Bank xərcinə görə isə əlavə 20 qəpik çıxır.

Son xəbərlər
Digər xəbərlər