2022-ci ilin ikinci rübündə Səudiyyə Ərəbistanının iqtisadiyyatı 11.8% artıb ki, bu da 2011-ci ildən bəri rekord göstərici sayılır. Analitiklərin ilkin hesablamalarına görə, 2021-ci illə müqayisədə neft sektoru 23.1%, qeyri-neft sektoru isə 5.4% artıb. “Bloomberg” şənbə günü yazıb ki, bu fonda Səudiyyə Ərəbistanında işsizlik 2008-ci ildən bəri ən aşağı səviyyəyə düşüb – 10.1%.
Banker.az bu barədə “Forbes”a istinadən xəbər verir.
Səudiyyə Ərəbistanı iqtisadiyyatının yüksəlişi neftin qiymətinin qalxması və hasilatının artması fonunda baş verir. “Bloomberg” qeyd edir ki, ilin əvvəlindən Rusiyanın Ukraynadakı müharibəsi fonunda neft 40%-dən çox bahalaşıb.
İyun ayında “Financial Times” məlumatlı mənbələrə istinadən yazıb ki, Rusiya Aİ-nin sanksiyalarına görə hasilatı azaldacağı təqdirdə Səudiyyə Ərəbistanı daha çox neft hasil etməyi planlaşdırır. Ötən həftə Bloomberg Səudiyyə Ərəbistanı və İraqdan Avropaya neft tədarükünün təxminən iki dəfə artdığını qeyd edib. Agentliyin hesablamalarına görə, ixracın həcmi sutkada 2.2 milyon barrelə çata bilər.