“Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin məmnuniyyətinin daha da yüksəldilməsi məqsədilə 12 yanvar tarixindən etibarən ilk dəfə Gəncə–Qəbələ–Gəncə marşrutu üzrə müntəzəm sərnişindaşıma xidmətinə başlayır.
Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib.
Müasir elektrik qatarı hər gün saat 10:10-da Gəncə Dəmiryol Vağzalından Qəbələ istiqamətinə, saat 18:00-da isə Qəbələdən Gəncəyə hərəkət edəcək. Səfərin ümumi müddəti 1 saat 50 dəqiqə təşkil edir.
Sərnişinlər marşrut üzrə Goran, Yevlax, Ləki və Ağdaş stansiya və dayanacaqlarından da istifadə edə biləcəklər.
Qatarlarda standart, standart+, biznes və birinci siniflər üzrə səyahət imkanları təklif olunacaq.
Biletlərin minimal qiyməti Gəncə–Qəbələ istiqamətində 4.30 AZN, Ləki–Qəbələ istiqamətində isə 1.70 AZN təşkil edir.
Bu reys Bakıdan Qəbələyə və əks istiqamətə hər gün səfər etməyə də imkan verəcək. Belə ki, Bakı–Qazax qatarı ilə saat 10:50-də Ləki stansiyasına çatıb, daha sonra saat 11:12-də Gəncə–Qəbələ istiqamətində hərəkət edən qatarla Qəbələyə səfər etmək mümkündür. Sərnişinlər Qəbələ–Gəncə qatarından istifadə edərək saat 18:45-də Ləki stansiyasına çatıb, saat 19:02-də Qazax–Bakı qatarı ilə Bakıya gələ bilərlər.
Biletləri ADY-nin rəsmi veb-saytı və “ADY Mobile” tətbiqi vasitəsilə almaq olar.







