Cənubi Koreyanın keçmiş Prezidenti Yun Sok Yolun cinayət işini aparan prokuror ölkədə hərbi vəziyyətin elan edilməsi və konstitusiya quruluşuna qarşı qiyama rəhbərlik üzrə cinayət işi ilə əlaqədar ona edam cəzası verilməsini istəyir.
Yanvarın 13-də Seul Mərkəzi Məhkəməsində sözügedən cinayət işi üzrə yekun məhkəmə dinləməsi keçirilib. Cinayət işini aparan prokuror Ço Eun-sukun komandası cinayət işində ittiham olunan 8 nəfərlə bağlı cəza istəklərini elan ediblər. Sabiq müdafiə naziri üçün ömürlük həbs cəzası tələb olunur. Məhkəmənin yekun qərarını fevralda açıqlayacağı gözlənilir.
Qeyd edək ki, 2024-cü il dekabrın 3-də Koreya Respublikasının sabiq Prezidenti Yun Sok Yol ölkədəki KXDR tərəfdarları ilə mübarizə aparmağın zəruriliyini əsas gətirərək hərbi vəziyyət rejimi elan edib. Cənubi Koreya Prokurorluğu onu qiyamda günahlandırdıqdan sonra Konstitusiya Məhkəməsi apreldə onun impiçmentini təsdiqləyib.






