6 C
Baku
Sunday, December 15, 2024

Sadələşdirilmiş vergi ləğv ediləcək – rəsmi

Görüləcək tədbirlərdən biri sadələşdirilmiş vergi sisteminin tədricən ƏDV sistemi ilə əvəzləşdirilməsi və ƏDV dərəcəsinin diferensiallaşdırılmasıdır.

Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramında deyilir.

“Təsərrüfat subyektlərinin sadələşdirilmiş vergi sistemindən ƏDV sisteminə mərhələli keçid mexanizminin hazırlanması nəzərdən keçiriləcəkdir. Müxtəlif sektorlar və ölçüsündən asılı olaraq təsərrüfat subyektləri üçün mərhələli yanaşma planı tərtib ediləcəkdir. Keçiddən sonra ƏDV-nin diferensiallaşdırılması məsələsinə baxılacaqdır. Bu cür yanaşma sadələşdirilmiş vergi rejimindən ƏDV sisteminə keçidə dəstək olacaqdır”,- Proqramda deyilir.

Hazırda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 218.1.1-ci, 218.1.2-ci maddələrinə əsasən ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manat və ondan az olan şəxslərə və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərə sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququ verilmişdir.

Proqramda qeyd edilir ki,sadələşdirilmiş verginin seçilməsi imkanı iqtisadiyyatda nağd ödənişləri də stimullaşdırır.

Vergi ödəyicilərinin 97%-nin sadələşdirilmiş vergi ödəyicisi olmasına baxmayaraq, ümumi vergi daxilolmalarında sadələşdirilmiş vergi daxilolmalarının xüsusi çəkisi 2017-ci ildə cəmi 5,3% təşkil etmişdir (2016 – 4,3%, 2015 – 2,4%, 2014 – 2,2%, 2013 – 1,8%).

Proqramda qeyd edilir ki, nümunəvi dünya təcrübəsinə uyğun olaraq kiçik sahibkarlıq subyektlərinin də tədricən ƏDV ödəyicisinə çevrilməsi vergidən yayınmanın, habelə nağd hesablaşmalara olan motivlərin aradan qalxmasına gətirib çıxarmış olar.

“ƏDV dərəcəsinin aşağı olduğu bir sıra inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə standart (bütün ödəyicilər üçün eyni) ƏDV, yüksək olduğu ölkələrdə isə diferensiallaşdırılmış ƏDV tətbiq edilir. Azərbaycan ƏDV dərəcəsinin nisbətən yüksək olduğu ölkələr sırasına aiddir və digər amillər nəzərə alınmaqla, burada da ƏDV dərəcələrinin məhsul və xidmət qrupları üzrə diferensiallaşdırılması həyata keçirilə bilər”.

Son xəbərlər
Digər xəbərlər