Vergilər Məcəlləsində gözlənilən dəyişikliklərlə bağlı fikirlərini ekspert Rövşən Ağayev açıqlayıb.
Yanvarın 1-dən qüvvəyə minən Vergi Məcəlləsinə yeni dəyişikliklər xırda ticarətçilərə və dövriyyəsindən asılı olmayaraq restoran-kafe sahiblərinə sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ versə də, onların bu hüquqdan yaralanmasına çox ciddi bir məhdudiyyət də qoyur. Belə ki, 218.5.10-ci maddəsinə görə, yalnız vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) xidmət göstərən sahibkarlıq subyektlərinin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ var.
Əgər ixtiyari bir mağaza və ya restoran (kafe, yeməkxana) əhali ilə yanaşı, vergi orqanında qeydiyyatda olan fərdi sahibkara və ya hüquqi şəxslərə də ən azı bir dəfə mal satdıqda və ya xidmət göstərdikdə, dövriyyəsinin və işçi sayının necə olmasından asılı olmayaraq dərhal sadələşdilmiş vergi ödəyicisi olmaq hüququnu itirir.
Belə bir mənzərəni təsəvvür edin: siz sadələşdirilmiş vergi ödəyicisisiz, tikinti malları satan mağazanız var və hər ay 300-500 müştərinizin içərisində sizdən elektron vergi hesab-fakturası ilə mal almaq istəyən bir 3-5 müəssisə və ya fərdi sahibkar olur. Yaxud kiçik bir kafenizdə əsasən əhaliyə xidmət göstərirsiniz, amma yaxınlıqdakı 3-5 şirkət hər gün öz işçilərinə sizdən elektron vergi hesab-fakturası ilə yemək sifariş verir. Hər 2 halda, mağaza sahibi də, kafe işlədən sahibkar da sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnu dərhal itirir.
Belə vəziyyətdə kiçik mağaza və ya kafelər birmənalı olaraq vergi orqanında qeydiyyatda olan müştərilərindən imtina edəcəksə, belə alınacaq ki, xırda sahibkar könüllü olaraq öz gəlirlərindən iri sahibkarların xeyrinə imtina etmiş olur. Bəlkə də bu mənzərəyə 1 mağazanın və ya 1 kafenin timsaında baxanda problem ciddi görünmür, lakin yüzlərlə xırda sahibkarın bir yerdə itirdiyi hər halda kiçik məbləğ deyil. “Varlıların daha da varlanıb, kasıbların isə daha da kasıblaşması”na səbəb ola biləcək bu məhdudiyyət mexanizmi bütün hallarda ədalətli deyil, iqtisadiyyata ciddi zərbə vurur.
Amma belə vəziyyətdə sahibkarlar alternativ qanuni çıxış yolu da tapa bilər, amma bu yol sahibkarlar üçün izafi iş artırmış olacaq. Məsələn, mağaza işlədən sahibkar mağazasının satış sahəsini öz adına uçota alıb, anbar sahəsini başqa bir vergi ödəyici kimi qeydiyyata saldıra bilər. Yəni 1 mağazada 2 müxtəlif vergi ödəyicisi fəaliyyət göstərmiş olacaqdır. Bu halda, əhaliyə satış mağazanın satış hissəsinə aid olan vergi ödəyicisi tərəfindən nəzarət kassa aparatı (yaxud pos-terminal) ilə həyata keçiriləcəkdir. Həmin mağazanın vergi ödəyicisi olan müştərilərinə satış elektron vergi hesab faktura ilə anbarın aid olduğu 2-ci vergi ödəyicisi tərəfindən birbaşa anbardan göndəriləcək, ödəniş isə bank hesabları ilə nağdsız ödəniş (bank) qaydasında həyata keçiriləcəkdir. Eyni analoji addımı kafelər də ata bilər.
Göründüyü kimi, nəticədə yenə də vergi bəyannaməsi təqdim edən ödəyicilərin sayı süni şəkildə şişəcək, vergi nəzarəti yenə çoxlu sayda ödəyici üzərinə nəzarət üçün böyük administrativ resurslar səfərbər etməli olacaq, vergi ödəyici isə əlavə mühasibatlıq işi ilə qayğılarını bir az da artırcaq.
Vergi qanunvericiliyində indiyədək mövcud olan ikili vergi mükəlləfiyyəti statusu burda mümkün ola bilərdimi? Cavab – mümkün idi. Belə ki, Məcəllənin 218.5.4-cü maddəsinə görə əmlakın icarəyə verilməsindən və royaltidən gəlir əldə edən şəxslər sadələşdirilmiş vergi ödəyici ola bilməzlər, lakin elə Məcəllənin 221.7-ci maddəsi bu şəxslərin əmlakın icarəyə verilməsindən və royaltidən kənar fəaliyyət növləri üçün sadələşdirilmiş vergi tətbiq etmək hüququnu tanıyır. Bu isə o deməkdir ki, vergi inzibatçılığında və mühasibat uçotunda analoji – ikili vergi mükəlləfiyyəti təcrübəsi hüquq normaları ilə tənzimlənir və indiyədək tətbiq edilməkdədir.
Ona görə də hesab edirəm ki, pərakəntə ticarət və ictimai-iaşə sahəsində fəaliyyət göstərən sadələşdirilmiş vergi ödəyicisinə də əhali ilə dövriyyənin uçotunun ayrıca, sahibkarlıq subyektləri ilə dövriyyənin uçotunun isə ayrıca aparılması mümkün olardı. Vergi Məcəlləsində əlavə edilmiş yeni məhdudiyyət isə bu gün həm sahibkar, həm də vergi nəzarəti üçün ciddi problemdir, inzibatçılıq işlərini artırır.
Bu məhdudiyyət eyni zamanda, alıcı-sahibkarların da hüquqlarını pozur, xərclərini artırır. Bir misal ilə bunu da göstərim: Şamaxı rayonunda konkret brend malı sadələşdirilmiş vergi ödəyicisi olan cəmi 1 mağaza satırsa və həmin brend malın alıcısı olan digər sahibkar bu ildən etibarən həmin mağazadan elektron vergi hesab faktura ilə ala bilməyəcək. Çünki bu alqı-satqı satıcı-sahibkarı sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququndan məhrum edə və onun gələcək maliyyə vəziyyətini ağırlaşdıra bilər. Bu səbəbdən eyni zamanda satıcı-sahibkar da həmin alıcı-sahibkara mal satmağa səy göstərmədikdə, o, daimi müştərisini itirəcək və demək ki, gəlirlərinin bir hissəsindən məhrum olacaqdır. Beləliklə, alıcı-sahibkar həmin malı, yol xərclərini artırmaqla, İsmayıllı rayonunda fəaliyyət göstərən və ƏDV ödəyicisi olan digər sahibkardan almalı olacaq. Nəticədə, alıcı-sahibkarın xərcləri artdığı üçün vergiyə cəlb edilən gəlirləri, eyni zamanda vergi öhdəlikləri azalacaq. Eyni zamanda Şamaxıda müştərisini itirən satıcı-sahibkarın da vergiyə cəlb edilən gəlirləri, eyni zamanda vergi öhdəlikləri azalacaq.
Hər halda zaman keçdikcə, vergi qanunvericiliyinə edilən əlavə və dəyişikliklərin yaratdığı çətinlikləri praktikada daha aydın görmək olacaq. Lakin Vergi Məcəlləsi bütün hallarda sahibkarlıq fəaliyyətini təşviq etməli olduğu üçün, Məcəlləyə edilən hər bir dəyişiklik də sahibkarlara maksimal rahatlıq, vergi administrasiyasına isə resurslardan maksimum səmərəli istifadə imkanı əsasında qurulmalıdır.