Uşaqlıqdan demək olar ki, hər birimiz eyni ifadəni eşidirik: “Eqoist olma!”. Cəmiyyət eqoizmi neqativ bir xüsusiyyət kimi qiymətləndirir. Eqoist insanları sevmirlər, lakin bütün bunlar sadəcə köhnə sosial ideologiyanın izləridir. Bu gün sağlam eqoizm pis yox, yaxşı bir şeydir. Niyə?
İlk olaraq eqoizmin nə olduğunu başa düşməliyik. Lüğətlərə istinad etsək, eqoizm – öz maraqlarını güdən insanın hər hansısa fayda götürmək məqsədilə göstərdiyi davranışdır. Eqoistlər birinci yerə öz maraqlarını qoyurlar.
Bunun nəyi pisdir? Əlbəttə ki, şəxsi maraqlar digər insanların maraqlarından daha üstün mövqedə olmalıdırlar. Bu, məntiqidir və müasir cəmiyyətin reallığına uyğun gəlir.
Sadə maliyyə misalı. Tanışınız və ya hətta dostunuz sizdən borc pul almaq istəyir. Əgər onun maraqlarını daha üstün tutursanız, bor pul verirsiniz və öz maraqlarınızı sıxışdırmış olursunuz: borc verdiyiniz pulu artıq özünüzə xərcləyə bilməyəcəksiniz. Tanışınız isə bu vəziyyətdən faydalanacaq – pulsuz maliyyə resursunu taparaq, o kredit götürmək məcburiyyətində olmayacaq. Çəkdiyimiz nümunədə sizin tanışınız (və yaxud dostunuz) eqoist biridir və birinci yerə öz maraqlarını qoyur. Siz isə əksinə.
Sovet dövrünün psixoloqları eqoizmə əks olan alturizm anlayışından da danışıblar. Alturistlər ilk olaraq öz maraqlarını yox, digər insanların maraqlarını düşünən insanlardır.
Beləliklə, sağlam eqoizm tamamilə normal və düzgün fenomendir. İnsanın yalnız bir həyatı var və həyatdan məmnun olmaq üçün o ilk növbədə öz maraqlarını düşünməli, istədiyi kimi yaşamalıdır.
Başqaları üçün nə isə edirsinizsə, bu da eqoizmdir
Çoxlarımız elə düşünür ki, eqoizm yalnız şəxsi fayda və maraqlara aiddir. Bu yanlış fikridir. Düzdür, eqoist ilk olaraq öz maraqlarını düşünür, lakin bəzən onun əsas maraqlarına başqaları üçün nələrsə etmək də daxil olur.
Maslou piramidasına görə, insan əsas ehtiyaclarını (fizioloji, təhlükəsizlik və müdafiə, ünsiyyət və dəstək) ödəyəndən sonra, daha yüksək səviyyəli ehtiyaclar meydana gəlir (şöhrət, tanınma, realizə). Yəni, bu yüksək ehtiyaclarını ödəmək üçün insan başqaları üçün də nələrsə etməyə başlayır: ayrı-ayrı insanlar və ya cəmiyyət üçün.
Beləliklə, eqoist “yalnız özü nü düşünən və cəmiyyətə heç bir fayda verməyən” insan deyil. Bəzən eqoistlərin cəmiyyətə verdiyi fayda qat-qat çox olur.
Sağlam eqoizm insana daha çox inkişaf etməyə kömək edir, çünki əsas ehtiyaclarını ödədikdən sonra, eqoist daha yüksək ehtiyaclara keçir, diqqət və şöhrət qazanır.
Məşhur insanların bir çoxu eqoist olub, onlar ilk olaraq şəxsi maraqlarını düşünüblər ki, bu qədər müvəffəqiyyət qazana biliblər.
Sağlam eqoizm və sağlam olmayan eqoizm
Sizcə sağlam eqoizm ilə sağlam olmayan eqoizm arasındakı fərq nədədir? Gəlin bu iki anlayışı bir-birindən ayıran sərhədi müəyyən edək.
Burada da “velosiped ixtira etmək” lazım deyil, çünki sağlam olmayan eqoizm artıq uzun illərdir ki psixologiyada var və “eqosentrizm” adını daşıyır.
Eqosentrizm – eqoizmin formalarından biridir. Belə insanlar adətən qapalı olurlar, yeni ideyalara, fikirlərə açıq deyillər. Onlara görə hamı səhvdir onlardan başqa. Bu, sağlam olmayan eqoizmdir.
Bir daha təkrar edək:
Sağlam eqoizm – insan öz məqsədlərinə sadiq qalır, birinci yerə öz maraqlarını qoyur, onun fəaliyyəti fayda əldə emtək niyyətini güdür.
Sağlam olmayan eqoizm – insan elə hesab edir ki, ətrafında olan hər bir kəs yalnız onu dinləməlidir, onun maraqlarını üstün tutmalıdır.
Sağlam eqoizmin əlamətləri:
- İnsanın müəyyən məqsədləri vardır və o bu məqsədlərə doğru gedir
- Şəxsi ehtiyacların ödənilməsinə yönələn aktiv fəaliyyət
- “yox” demək bacarığı
- Qarşılıqlı olaraq fayda əldə etmək üçün güzəştə getmək bacarığı
- Başqaları üçün nələrsə etmək
- Həyatından razı olmaq
Sağlam olmayan eqoistliyin əlamətləri:
- Passivlik və daim gözləmə rejimində olmaq, kimdənsə nə isə gözləmək
- Başqa insanlardan incimək
- Güzəştə getməmək
- Başqaları üçün nə isə emtək istəyinin olmaması
- “Hər kəs mənə borcludur” prinsipi ilə yaşamaq
- Həyatdan narazılıq
İndi isə fərqli-fərqli situasiyalara baxaq.
Misal 1. İnsan yeni kollektivdə işə başlayır.
Eqoizm yoxdursa. İnsan hər kəsin xoşuna gəlməyə çalışacaq. Kollektiv və rəhbərin verdiyi bütün tapşırıqları yerinə yetirəcək, normadan artıq işləyəcək və ehtiyac yarandıqda digər əməkdaşları əvəzləyəcək.
Sağlam eqoizm. İnsan bəri başdan öz mövqeyini nümayiş elətdirir, özündən sui-istifadə etməyə qoymur. Əlavə iş saatlarına görə əmək haqqının artırılmasını tələb edir. O, karyera yüksəlişini təmin etmək üçün daha yaxşı işləməyə çalışacaq. Axı onun əsas məqsədi də budur.
Sağlam olmayan eqoizm. İnsan düşünür ki, kollektivdə hər kəsdən üstündür və öz “qayda-qanununu” yeritməyə çalışır. O təzə işçi olduğuna görə, hər kəs ona kömək etməlidir. Bəyənmədiyi insanların işdən çıxması üçün əlindən gələni edəcək.
Misal 2. İnsan biznes açır.
Eqoizm yoxdursa. Belə insan ümumiyyətlə biznes aça bilməyəcək, açsa belə çox güman ki iflas edəcək. Çünki biznes – rəqabət mühitidir və burada hər kəs öz maraqlarını güdür. Rəqiblər onu dərhal “udacaqlar”.
Sağlam eqoizm. İnsan biznesini inkişaf elətdirməyə və rəqiblərdən üstün olmağa çalışacaq. Nəzarət orqanları, müştəriləri, rəqibləri və digər insanlarla ünsiyyət qurduqda öz maraqlarını və qarşılıqlı faydanı güdəcək. O, çətinliklər qarşısında təslim olmayacaq və nəyin bahasına olursa olsun bazarda öz payını əldə edəcək.
Sağlam olmayan eqoizm. Biznes açandan sonra oturacaq və müştəriləri gözləyəcək. Adətən bu halda əmtəə və xidmətlərin keyfiyyəti orta səviyyədə olur. Dövlət tərəfindən keçirilən yoxlamalar onun üçün stress səbəbidir. Çox güman ki, qısa bir zamanda o ziyana gedərək biznesini satmalı olacaq.
Beləliklə, Sağlam eqoizm ilə sağlam olmayan eqoizm arasındakı “qırmızı xətti” keçməmək üçün nə etməli olduğunuzu artıq bilirsiniz.