Azərbaycanın ən böyük qaz yatağı olan “Şahdəniz”də 2026-cı ilin ilk doqquz ayında təbii qaz hasilatı illik müqayisədə təxminən 1,4% azalıb. Bununla belə, yatağın işlənməsinə yönəldilən əsaslı xərclər 42,6% artaraq 1,08 milyard dollara çatıb. Hasilatın azalması Azərbaycanın qaz ixracı göstəricilərində də özünü göstərir.
Banker.az xəbər verir ki, Böyük Britaniyanın enerji sektorunda fəaliyyət göstərən “BP” şirkətinin operatoru olduğu “Şahdəniz” yatağında 2026-cı ilin yanvar–sentyabr aylarında “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından ümumilikdə təxminən 20 milyard standart kubmetr təbii qaz hasil edilib. Ötən ilin müvafiq dövründə şirkət hasilatı təxminən 21 milyard kubmetr səviyyəsində açıqlamışdı.
Energetika Nazirliyinin daha detallı operativ məlumatlarına əsasən isə yataqda qaz hasilatı 2025-ci ilin ilk doqquz ayındakı 20,9 milyard kubmetrdən 2026-cı ilin eyni dövründə 20,6 milyard kubmetrə enib. Bu, illik müqayisədə 300 milyon kubmetr və ya 1,4% azalma deməkdir.
Hesabat dövründə yataqdan təxminən 3 milyon ton kondensat hasil edilib. Ötən ilin eyni dövründə də kondensat hasilatı təxminən 3 milyon ton təşkil etmişdi. Bununla belə, “bp”nin barellə ifadə etdiyi təxmini göstəricilər 24 milyon bareldən 21 milyon barelə enib.
Diqqətçəkən məqamlardan biri odur ki, hasilatın azalmasına baxmayaraq, yatağın mövcud qurğularının istehsal gücü artırılıb. Belə ki, “Şahdəniz”in gündəlik qaz hasilatı gücü ötən ilin sentyabrındakı 75,7 milyon kubmetrdən 79 milyon kubmetrə yüksəlib. Bu, təxminən 4,4% artım deməkdir. İllik hasilat gücü isə 27,6 milyard kubmetrdən 28,8 milyard kubmetrə çatıb.
Xərclənən vəsait 3 milyard dolları keçib
2026-cı ilin ilk doqquz ayında “Şahdəniz” yatağının işlənməsinə ümumilikdə 3 milyard 80 milyon dollar vəsait xərclənib. Ötən ilin müvafiq dövründə bu göstərici 2 milyard 592 milyon dollar təşkil edirdi.
Beləliklə, yataq üzrə əməliyyat və əsaslı xərclərin cəmi illik müqayisədə 488 milyon dollar və ya 18,8% artıb.
Əməliyyat xərcləri 2025-ci ilin ilk doqquz ayındakı 1 milyard 836 milyon dollardan 2026-cı ilin eyni dövründə 2 milyard 2 milyon dollara yüksəlib. Artım 166 milyon dollar və ya 9% təşkil edib.
Əsaslı xərclər isə daha sürətlə artıb. Bu istiqamətdə xərclər 756 milyon dollardan 1 milyard 78 milyon dollara çatıb. Beləliklə, kapital qoyuluşlarında 322 milyon dollar və ya 42,6% artım qeydə alınıb.
“Şahdəniz” yatağında hasilat imkanlarının genişləndirilməsi üçün ən böyük investisiya layihələrindən biri “Şahdəniz Kompressiya” layihəsidir.
Ümumi dəyəri 2,9 milyard dollar olan layihə yatağın aşağı təzyiqli qaz ehtiyatlarının hasilata cəlb edilməsini nəzərdə tutur. Layihənin istismar müddəti ərzində əlavə 50 milyard kubmetr təbii qaz və təxminən 25 milyon barel kondensat hasilatına imkan yaradacağı gözlənilir.
Layihə çərçivəsində elektrik enerjisi ilə işləyən və əsasən heyətsiz fəaliyyət göstərəcək yeni dəniz kompressiya platforması inşa edilir.
2026-cı ilin oktyabrında platformanın dayaq blokunu təşkil edən dörd boru payanın dənizdə quraşdırılması tamamlanıb. Bununla da layihənin dəniz tikintisi mərhələsinə başlanılıb.
Tikinti işlərinin 2029-cu ildə başa çatdırılması planlaşdırılır. Yeni qurğunun həmin ildən “Şahdəniz Alfa”, 2030-cu ildən isə “Şahdəniz Bravo” platformalarından hasil edilən qazı qəbul edərək kompressiya etməsi nəzərdə tutulur.
Bundan əlavə, “Şahdəniz 2” layihəsi çərçivəsində qazma işləri davam edir. Sentyabrda yatağın şərq-şimal cinahında dördüncü quyu istismara verilib. Ümumilikdə, layihə çərçivəsində qazılmış quyuların sayı ötən ilin eyni dövründəki 23-dən 24-ə yüksəlib.
Beynəlxalq təşkilatların gözləntiləri…
Beynəlxalq Valyuta Fondu (BVF) 2026-cı ilin aprelində dərc etdiyi qiymətləndirməsində Azərbaycanda neft-qaz hasilatındakı zəifliyin iqtisadi artıma təsir göstərməkdə davam etdiyini bildirib. Fondun proqnozuna əsasən, ölkədə neft-qaz sektorunun real əlavə dəyərinin 2026-cı ildə 2% azalacağı gözlənilir.
Beynəlxalq Enerji Agentliyinin (IEA) 3 noyabr 2026-cı ildə açıqladığı yeni hesabatda isə qlobal qaz istehlakının bu il təxminən 1,5% və ya 65 milyard kubmetr azalacağı proqnozlaşdırılır. Agentlik Avropada qaz tələbatının 3% azalmasını gözləyir.
Bununla yanaşı, IEA Avropanın qaz anbarlarında ehtiyatların son on ildən artıq dövrün ən aşağı mövsümi səviyyəsində olduğunu bildirir. Agentliyin qiymətləndirməsinə görə, aşağı ehtiyatlar və qlobal mayeləşdirilmiş təbii qaz (LNG) təchizatındakı fasilələr 2027-ci ildə də qaz bazarında gərginliyin davam etməsinə səbəb ola bilər.
Azərbaycan hökumətinin 2025-ci ilin dekabrında açıqlanmış ortamüddətli proqnozlarında isə ölkə üzrə təbii qaz hasilatının 2026-cı ildə 48,44 milyard kubmetr, 2027-ci ildə 47,92 milyard kubmetr və 2028-ci ildə 45,67 milyard kubmetr olacağı nəzərdə tutulurdu.
Azərbaycanın qaz ixracı…
Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, 2026-cı ilin yanvar–sentyabr aylarında Azərbaycandan 17,99 milyard kubmetr təbii qaz ixrac edilib. Ötən ilin müvafiq dövründə bu göstərici 18,53 milyard kubmetr idi.
Beləliklə, qaz ixracının fiziki həcmi 534 milyon kubmetr və ya 2,9% azalıb.
İxracın dəyərində də azalma müşahidə olunub. Hesabat dövründə xaricə göndərilən təbii qazın ümumi dəyəri 6,45 milyard dollar təşkil edib. 2025-ci ilin müvafiq dövründə isə bu göstərici 6,70 milyard dollar idi. Nəticədə qaz ixracından əldə edilən gəlirlər illik müqayisədə təxminən 250 milyon dollar və ya 3,7% azalıb.
Energetika Nazirliyinin operativ məlumatlarında isə hesabat dövrü üzrə qaz ixracı 18,4 milyard kubmetr göstərilir. Bu həcmin 8,6 milyard kubmetri Avropaya, 7 milyard kubmetri Türkiyəyə, 1,6 milyard kubmetri Gürcüstana və 1,2 milyard kubmetri Suriyaya çatdırılıb.
Ötən ilin ilk doqquz ayı ilə müqayisədə Avropaya qaz tədarükü 9,4 milyard kubmetrdən 8,6 milyard kubmetrə və ya təxminən 8,5% azalıb. Türkiyəyə ixrac isə 7,3 milyard kubmetrdən 7 milyard kubmetrə enib.







