Gələcəkdə “Şahdağ” kurortunda yeni otellərin inşası da nəzərdə tutulub.
Mənbənin sorğusuna cavab olaraq bildirilib ki, “Şahdağ Turizm Mərkəzi”QSC-nin tabeliyində hazırda bir beşulduzlu (“Şahdağ Hotel və Spa”), bir dördulduzlu (“Zirvə” hotel) və apartman tipli mehmanxana (“Gaya Residences”) fəaliyyətdədir.
Bundan əlavə, mərkəz ərazisində QSC-yə tabe olmayan iki beşulduzlu “Pik Palace” və “Park Chalet” hotelləri də mövcuddur.
Başqa sözlə, “Şahdağ Hotel və Spa”, “Zirvə” və apartman tipli mehmanxana “Gaya Residences” dövlətə, “Pik Palace” və “Park Chalet” isə özəl sektora məxsusdur.
Kurortdan bildirilib ki, Mərkəz özünəməxsus konsepsiyaya malik olduğundan, növbəti inkişaf mərhələlərində burada əlavə hotel, kottec tipli evlər, kinoteatr, oyun və musiqi mərkəzləri, həmçinin müxtəlif mağaza, iaşə və xidmət obyektlərinin inşa edilməsi planlaşdırılır.
Konsepsiya çərçivəsində yeni obyektlərin yaradılması üçün özəl investorların cəlb olunması istiqamətində işlər aparılır. “Ümumi olaraq 2053 ha ərazini əhatə edən mərkəz ərazisində tikinti üçün nəzərdə tutulmuş yerlərdə hotel və ya digər müəssisənin tikilməsi üçün birbaşa mərkəzə müraciət etmək mümkündür”-deyə cavabda bildirilib.
© FED.AZ